Gündəm Özəl

“Qərblə Rusiyanın rəqabəti sülh prosesinə mənfi təsir göstərə bilər” — Brüssel görüşünün pərdəarxası

“Qərblə Rusiyanın rəqabəti sülh prosesinə mənfi təsir göstərə bilər” — Brüssel görüşünün pərdəarxası

“Artıq Avropa Birliyinin vasitəçilik missiyasının uğurla baş tutduğunu biz söyləyə bilərik. Çünki dünənki Brüssel görüşü bu çərçivədə keçirilən dördüncü görüş idi. Orada razılığa gəlindi ki, növbəti görüş noyabrın sonlarına qədər baş tutsun. Bunun özü onu göstərir ki, Şarl Mişelin vasitəçiliyi ilə formalaşan bu format artıq oturuşub. Azərbaycan və Ermənistan da bu format daxilindəki danışıqlardan, təmaslardan məmnundur və Şarl Mişelin dəvətlərinə həvəslə razılıq verirlər. Bu, həm də onu göstərir ki, Azərbaycan və Ermənistan sülh prosesinin tamamilə Rusiyanın liderliyi, dominantlığı altında aparılmasını istəmirlər və bura digər güc mərkəzi olan Qərbin də müəyyən qədər müdaxiləsində maraqlıdırlar”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Şahin Cəfərli deyib. Politoloq görüşün nəticələri barədə də danışıb:

“Əsas nəticə sülh müqaviləsinin hazırlanması yönündə işlərin aktivləşdirilməsi barədədir. Nazirlərə orada göstəriş verilib ki, onlar bir ay ərzində görüş keçirtsinlər. Azərbaycan və Ermənistan xarici işlər nazirləri bir ay ərzində görüşəcəklər və sülh müqaviləsinin mətninin hazırlanmasına başlayacaqlar. Bu, təbii ki, çox önəmli razılaşmadır. Başqa bir razılaşma isə ondan ibarətdir ki, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı komissiyalar, yəni Azərbaycan və Ermənistan tərəfindən yaradılan komissiyaların Brüsseldə görüşü keçiriləcək. Bu, yenə də noyabr ayına nəzərdə tutulub. Bu isə onu göstərir ki, Avropa Birliyi artıq Azərbaycan və Ermənistan arasındakı bütün mübahisəli və problemli məsələlərin həllinə aktiv şəkildə cəlb olunub. Bu, çox önəmli amildir. Yəni, qeyd etdiyim kimi, bu proseslərin tamamilə Rusiyanın öhdəsinə buraxılması mən düşünürəm ki, Azərbaycanın da maraqlarına uyğun deyil, heç Ermənistanın da. Baxmayaraq ki, Rusiya Ermənistanın müttəfiqidir”.

Politoloq əlavə edib ki, Ermənistanda artıq Rusiyaya qarşı bir etimadsızlıq olduğu çox açıq şəkildə sezilir:

“Bu, artıq ortadadır.Ermənistanın indiki hökuməti səviyyəsində də Rusiyaya müəyyən bir etimadsızlıq var. Hər nə qədər bunu açıq söyləməsələr də, bu, açıq hiss olunur. Eləcə də, Ermənistan cəmiyyətində Rusiyaya qarşı bu inamsızlıq, etimadsızlıq gündən-günə artır. Bu isə Qərbin bu prosesə cəlb olunmasına münbit bir zəmin yaradır. Bu da məncə önəmli məqamlardan biridir ki, bunu vurğulamaq lazımdır. Təbii ki, biz Rusiyanın bu prosesdən kənarda qaldığını söyləyə bilmərik. Belə bir nəticəyə varmaq çox yanlış olar, elə Brüssel görüşündən bir gün əvvəl, avqustun 30-da Moskvada sərhəd komissiyaların, yəni sərhədlərin delimitasiya və demarkasiya ilə bağlı Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan komissiyalarının görüşü keçirildi. Eləcə də, düşünürəm ki, qarşıdakı həftələrdə ola bilsin ki, Putinin vasitəçiliyi ilə ya Moskvada, ya da Soçidə növbəti Əliyev-Paşinyan görüşü keçirilsin. Yəni, açıq şəkildə onu biz deyə bilərik ki, Rusiya bu prosesi öz əlindən buraxmaq istəməyəcək”.

Ş.Cəfərli qeyd edib ki, Rusiya Azərbaycan-Ermənistan sülh prosesinin onun dominantlığı altından çıxarılmasında maraqlı deyil və bu cəhdlərə müqavimət göstərəcək:

“Təbii ki, Avropa Birliyinin bu cəhdlərinə müqavimət göstərəcək. Elə Rusiya XİN-nin sözçüsü Maria Zaxarovanın sonuncu bəyanatı da bunu sübut edir ki, Rusiya bu prosesdəki rolunu kimsəyə güzəştə getmək istəməyəcək. Bu baxımdan düşünürəm ki, Avropa Birliyinin vasitəçilik missiyasının uğurla yekunlaşmasında ciddi problemlər meydana çıxa bilər, çünki Rusiyanın bu prosesi pozmaq üçün hələ də əlində imkanlar qalır. Yəni, bu baxımdan əslində paradoksal bir durum da yaranıb. Sülh prosesi bir-birindən asılı olmayan, bir-birinə bağlı olmayan iki müstəvidə aparılır. Birinci prosesi Rusiya aparır, ikinci prosesi buna paralel olaraq Avropa Birliyi aparır. Bu proseslər arasında Avropa Birliyinin vasitəçiliyi ilə aparılan sülh prosesi ilə Rusiyanın vasitəçiliyi ilə aparılan sülh prosesi altında aparılan bir əlaqələndirmə olmasa, yəni qarşılıqlı bir razılaşma olmasa, bu çərçivədə Qərb və Rusiya arasında rəqabət elementləri getdikcə güclənəcək. Yəni, Qərblə Rusiya arasında bu rəqabət güclənəcək və bu da məncə, sülh prosesinə mənfi təsir göstərə bilər. Yəni, əslində çox mürəkkəb bir vəziyyət yaranıb. Burada birmənalı qəti şəkildə fikirlər irəli sürə bilmərik. Açıq deyək ki, Rusiyanın da bu regionda hələ də proseslərə təsir etmək imkanları və gücü qalır. Bu baxımdan düşünürəm ki, Avropa Birliyinin vasitəçiliyi ilə aparılan proses heç də asan və hamar olmayacaq”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az