Gündəm Özəl

Deputat: “Ermənilərin at oynatmaqlarına bir nöqtə qoyulmalı idi”

Deputat: “Ermənilərin at oynatmaqlarına bir nöqtə qoyulmalı idi”

“Brüsseldə dövlət başçıları arasında keçirilən üçtərəfli görüş Azərbaycan – Ermənistan münasibətlərinin yeni müstəviyə keçirilməsi üçün niyyətlərin bir daha təsdiq edilməsi baxımından çox əhəmiyyətlidir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin üçtərəfli görüşdən sonrakı açıqlanmasında qeyd etdi ki, "Bu gün biz Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən sülh müqaviləsi üzrə irəliləyiş əldə etmək üçün əsaslı işi gücləndirmək barədə razılığa gəldik. Xarici işlər nazirlərini mətn layihələri üzərində işləmək üçün bir ay ərzində görüşmək barədə təlimatlandırdıq". Təbii ki, iki ölkə arasındakı münasibətlərin normallaşdırılması və yekun sülh müqaviləsinin bağlanması üçün müxtəlif səviyyələrdə belə görüşlər çox təşkil olunacaqdır və bu görüşlər yavaş-yavaş üçtərəfli formatdan ikitərəfli formata daxil olmalıdır. Çünki, bunun alternativi yoxdur”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. Deputat vurğulayıb ki, həmin reallığı isə Azərbaycan dövləti yaradıb:

“30 il Azərbaycanın torpaqlarını işğal edərək özləri üçün xəyallar quran ermənilər heç vaxt düşünmürdülər ki, bir gün Azərbaycan öz ərazilərini geri qaytaracaqdır. Nəinki ermənilər, hətta onların havadarları da ermənilərin xəyallarına və fantaziyalarına inanıb bunu reallıq kimi görürdü. Müharibəyə qədər ermənilərin at oynatmaqları, yəni Cıdır düzündə kef məclislərin təşkil etməsi və müharibə ritorikasına üstünlük verərək danışıqlar prosesindən çıxdığını elan etməsi hamının yadındadır. Ermənilərin bu özbaşınalıqlarına bir nöqtə qoyulmalı, kimin kim olduğunu və nəyə qadir olduğunu sübut etməli idik. 44 günlük müharibədə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli ordumuz kimin kim olduğnu və nəyə qadir olduğunu döyüş meydanında qazandığı qələbəsi ilə nəinki ermənilərə, həm də onların havadarlarına sübut etdi. Həm də sübut etdik ki, Azərbaycan xalqı öz torpaqlarının bir qarışını da erməniyə güzəştə getməyəcəkdir”.

“Dövlət başçımız müharibənin bitdiyini və artıq yeni səhifəni açdığını bəyan etdi. Açdığımız yeni səhifədə ermənilərə əlifbadan başlayaraq yazmağı və oxumağı öyrədirik. Çünki ermənilər 30 ildə özlərinin içində gəzdirdikləri azərifobiya və düşmənçiliyi bir deyib atıb yeni səhfəyə daxil olmağına çətinlik çəkirlər. Bununla yanaşı alternativin olmadığını da görürlər. Azərbaycan yavaş-yavaş öz məqsədlərinə çatır. Laçın dəhlizi nəzarətimizə qaytardı. Sərhədlərin demarkasiyasi və delimtasiyası, sülh müqaviləsinin bağlanması və Zəngəzur dəhlizin açılması da baş verəcəkdir. Amma bütün bunları reallaşdırmaq üçün çoxlu görüşlər keçirilməli və hər bir məsələni erməniyə bir daha başa salınmalıdır”.

Millət vəkili əlavə edib ki, Azərbaycan bütün görüşlərə qalib kimi gedir:

“Brüsseldə baş tutmuş görüşdə bədən dilinə görə Prezident İlham Əliyevin Paşinyan üzərində əzici üstünlüyə hakim olduğuna, hətta erməni siyasətçiləri də sosial şəbəkələrdə və erməni mətbuatında şərhlər verirlər. Təbii ki, Prezident İlham Əliyev qalibdir, milli maraqlarımız üçün əhəmiyyət daşıyan bütün məsələləri qarşı tərəfə qəbul etdirir. Həmçinin, görüşlərdə Azərbaycanın böyüklüyünü və güclülüyünü bir daha nümayiş etdirir”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az