Sosial Özəl

Bakı Tikiş Evi məktəbli formalarını çatdıra bilmir, valideynlər isə yollarda qalıb

Bakı Tikiş Evi məktəbli formalarını çatdıra bilmir, valideynlər isə yollarda qalıb

Yeni tədris ilinin başlanmasına artıq sayılı günlər qalıb. Lakin valideynlər uşaqlarına yeni məktəbli formaları almaqda çətinlik çəkirlər. Çünki dəfələrlə Bakı Tikiş Evinə (BTE) üz tutan və orada saatlarla gözləyən valideynlər sonda oradan əliboş qayıtmağa məcbur olurlar. Bununla bağlı saytımıza çoxsaylı valideyn şikayəti daxil olub. Onlar bildirilər ki, Bakı Tikiş Evinə dəfələrlə üz tutsalar da, məktəbli forması almaq mümkün deyil. Tikiş evindən bu gün vətəndaşları əliboş yola salıblar. İnsanlar artıq bu problemdən cana doyduqlarını dilə gətirirlər.

Şikayətçi valideynlərdən İftixar Səmədov:

“Bizə avqustun 30-da məktəbli formalarının mağazalarda olacağını bildirdilər. Lakin səhər tezdən nə qədər insan Bakı Tikiş Evinə üz tutsa da, məktəbli formalarının hələ gəlmədiyini bildirdilər. Səbəb kimi isə parçaların gömrükdə qalmasını göstərdilər. Satışın gələn həftənin birinci gününə qaldığı bildirildi. Artıq taksi ilə gedib-gəlməkdən birtəhər olmuşuq. Guya məktəbli formalarının “Bravo” marketlərində satılacağını da bildirmişdilər, orada getdik. Oradan isə bildirdilər ki, ümumiyyətlə formalar hələ gəlməyib. Bilmirik nə edək.”

Məsələylə bağlı əlaqə saxladığımız Bakı Tikiş Evinin satış şöbəsinin rəisi Etibar Əzimov Demokrat.az-a açıqlamasında bildirdi ki, hazırda məktəbli formalarının alışı ilə bağlı böyük ajiotaj var”.

Onun sözlərinə görə, ajiotajın yaranmasına səbəb böyük siniflərin də məktəbli forma almaq istəməkləridir:

Bakı Tikiş Evi məktəbli formalarını çatdıra bilmir, valideynlər isə yollarda qalıb
“Bilirsiniz ki, elm və təhsil naziri Emin Əmrullayev açıqlamasında bildirdi ki, yeni məktəbli formaları hələlik ibtidai sinif şagirdlərinə aiddir. Lakin indi bütün məktəblilər bura axışıblar. Hətta, 11-ci siniflər də yeni forma almaq istəyir. Lakin bir sezonda yeni formalara tam keçmək mümkün deyil. Ona görə də, hazırda çıxılmaz vəziyyətdə qalmışıq və bu qədər formanı çatdıra bilmirik. Çünki tələbat böyükdür və birdən-birə o qədər gücümüz, imkanımız yoxdur. Ölkədə isə yalnız bir fabrik var. Ona görə də, eyni vaxtda hamıya məktəbli forması çatdırmaq qeyri-mümkündür”.

E.Əzimov qeyd edib ki, parçaların ölkədə olmaması da onların işinə böyük əngəl törədir:

“Bizdə nə yun parça, nə də yüz faiz pambıq parça istehsal olunmur. Parçaları sifariş vermişik, lakin sərhəddə qalıb. Çünki maşınları növbə ilə buraxırlar. Yəni, belə problemlərimiz var. Bütün bunlar bizdən asılı olmayan səbəblərdir. Hazırda ibtidai siniflərin məktəbli formaları tam hazırdır. Nə qədər desəniz ətək və şalvarlar var. Əvvəllər 38 ölçüyə kimi tikirdik, ancaq indi 44-46 da tikirik. Çünki başqa əlac yoxdur. Neynəyək? Yuxarı siniflər də gəlir. Hazırki vəziyyəti tam kontrol edə bilmirik. Gün ərzində tikilir və səhər tezdən mağazaya qoyuruq. Hər gün satış 9-dan 6-a kimi həyata keçirilir. Camaat gəlib, alıb gedirlər. Tələbat böyükdür. Material az olduğuna görə, günə yalnız 100-150 polo tikirik. Material gəldikdən sonra isə gündə 500-600 polo tikib, satışa buraxacağıq”.

Satış müdiri bildirib ki, ajiotajın yaranmasının səbəblərdən biri də məktəblər ilə bağlıdır:

“Çünki biz gözlədik ki, məktəblər hansı formaları seçdiklərini desinlər. Onlar da demədilər və məhz bu səbəbə görə gecikdik. Həmçinin, Bakı Təhsil İdarəsi də demədi ki, hansı rəngi etmək lazımdır. Yəni, 4 rəngin 4-nü də etmək bizim üçün mümkün deyil. Biz yalnız məktəbli formasının 2 rəngini etdik və satışa hazırda iki rəngi tikib buraxırıq”.

E.Əzimov bazarda saxta məktəbli formaların olduğunu da vurğulayıb:

“Hazırda bazarda hər cür formalar gətiriblər. Onlar təbii formada olmayan materialdan hazırlanıblar. Təbii ki, buna nəzarət etmək mümkün deyil. "Padval"da da, evində də “forma” tikənlər var. Nə deyə bilərik ki? Kopyalayıb çıxardırlar. Biz çalışırıq ki, öz malımızı keyfiyyətli edək. İnsanlar da hazırda qiymətdən məmnundur”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az