Artıq yeni tədris ilinin başlanmasına sayılı günlər qalıb. Lakin bir qrup valideyn hələ də övladlarını məktəbə yerləşdirməsində çətinlik çəkirlər. Onların iddialarına görə, ərizə qəbulu və imtahan mərhələsindən övladlarını keçirsələr də, məktəblərdə rus bölməsinə yerləşdirə bilmirlər. Məktəb direktorları öz tabeliklərindəki təhsil ocaqlarında boş yerlərin olduğunu bildirsələr də, İdarədən bunun əksini bildiriblər.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi Demokrat.az-a açıqlamasında bildirib ki, valideynlərin iddiaları əsassızdır. Təhsil eksperti qeyd edib ki, məktəblərdə rus bölməsi tam dolub və bunun da bir sıra səbəbləri var:
“Ümumiyyətlə, təklif edirəm ki, ölkəmizdə rus bölməsi bağlanılsın. Yəni, o bölməyə ölkəmizdə ehtiyac yoxdur. Həmin bölmə yalnız o şəxslər üçün saxlanılsın ki, onlar həqiqətən də, rus dillidirlər. Bilirisniz ki, Rusiyanın ölkəmizdə müəyyən sayda vətəndaşı var, eyni zamanda rus dilli müəyyən xalqların nümayəndələri də var. Hesab edirəm ki, rus bölməsi yalnız həmin şəxslər üçün saxlanılmalıdır. Yerdə qalan, yəni milliyyəti türk olan və yaxud da digər millətlərə aid olan vətəndaşlar var ki, onlar üçün konkret Azərbaycan bölməsində təhsil təşkil olunsun. Sistem elə yaradılmalıdır ki, avtomatik olaraq digər millətin nümayəndəsi müraciət etdiyi zaman onlardan sistem avtomatik imtina etməlidir ki, siz rus bölməsində təhsil ala bilməzsiniz. Çünki ana və ata rus dilli deyil, onlar rus dilli olmadığı üçün rus dilində də heç bir anlayışa sahib deyillər. Heç bir anlayışı olmadığı üçün uşaq qalır çıxılmaz vəziyyətdə. Bu baxımdan ki, evdə valideyndən hər hansı mövzu ilə bağlı kömək istəyir, amma təəssüf ki, o kömək mümkün olmur. Belə olan halda uşaq təhsildən geri qalır.

Müəyyən yuxarı siniflərə gəlib çatanda, yəni 7-8-ci sinifdə onun rus biliyi zəif olur, müəyyən mövzuları bilmədikdə çətinliklər yaranır və biz bunun əsasən 9-un buraxılış imtahanında, eyni zamanda ali təhsil müəssisələrin 11 illik buraxılış imtahanında, Dövlət İmtahan Mərkəzinin keçirdiyi ali təhsil müəssisələrinə qəbul üzrə imtahanlarında görürük. Rus bölməsində oxuyan şagirdlər ümumi nəticələri Azərbaycan bölməsinə müqayisədə həddindən artıq fərqli olduğu üzə çıxır. Məsələn Azərbaycan bölməsi 400 bal toplayırsa, rus bölməsi 200 bal toplayır. Ona görə də, dediyim kimi sistem elə qurulmalıdır ki, rus dilli xalqların nümayəndəsi olan slavyan xalqları üçün sistem sırf açıq olmalıdır”.
Ekspert qeyd edib ki, bu gün ölkəmizdə övladını rus bölməsində oxutmaq istəyi dəb halını alıb:
“Məsələn onun uşağı rus bölməsində oxuyur, mənimki də rus bölməsində oxusun. Bunun da nəticəsində elə insanlar var ki, məsələn məktəb yerləşir Suraxanı rayonunda, özü yaşayır Binəqədi rayonunda. Orada kiminsə tapşırığı ilə, yaxud rüşvət müqabilində övladının adını ora yazdırır. Nəticədə slavyan xalqlı uşağını ora yazdıra bilmir. Bunun üçün də nazirlik sistemi elə qurmalıdır ki, konkret tənzimlənmə olmalıdır. Obyektiv yerləşdirmək üçün də müəyyən şərtlər olmalıdır”.
E.Əfəndi qeyd edib ki, bu gün rus bölməsinə bir sinifə 45-50 uşaq yerləşdirilir ki, bu da düzgün deyil:
“Onsuz da sinifdə o uşaqların çoxunun rus dili biliyi yoxdur. Sadəcə bəzi valideynlər dəb xatirinə bunu edirlər, yəni uşağım rus bölməsində oxuyur deyib "trip" atırlar. Əgər aparıb övladlarını ora qoyurlarsa, o uşaqlar 45-50 nəfər arasında nəsə əldə edə bilməyəcəklər, nəsə öyrənə bilməyəcəklər. Ümumiyyətlə, yersiz iddiadır ki, məktəblərdə yer var, ancaq qəbul eləmirlər. Ümumiyyətlə, məktəblərdə artıq yer yoxdur və dolub. Yəni, rus bölməsi dəb xatirinə oxutmaq istəyənlərin hesabına dolub. Ukraynada yaşayan və müharibədə səbəbindən ölkəmizə qayıdanlar artıq rus dilini öyrəniblər və onlar slavyan xalqlar kateqoriyasına daxildir. Ona görə də, həmin şəxslərin övladları rus bölməsində oxumalıdırlar. Buna görə də, bu sahədə sistemin şəffaf olmaılmasına ehtiyac var. Əgər sistem şəffaf olsaydı, bu gün bu problemlər yaşanmazdı”.
Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsinə sorğu ünvanlamışıq. Baş verənlərlə bağlı idarənin mövqeyini işıqlandırmağa hazırıq.
Aynurə Pənahqızı Demokrat.az


