Təəsüflər olsun ki, orta məktəblərin idarə olunmasındakı ciddi boşluqlar daha təhlükəli fəsadlar yarada bilir. Belə ki, son illər ərzində rəsmi statistikalara nəzər saldıqda görürük ki, abort olanlar arasında az yaşlıların, məktəblilərin sayı çoxalır. Bəzi ekspertlər bu kimi halların baş verməsinin əsas səbəbi kimi məktəblərdə nəzarətsizliyin hökm sürməsi, səlahiyyətli şəxslərin öz vəzifələrinin öhdəsindən lazımınca gəlməməsi kimi qiymətləndirirlər.
Məsələyə münasibət bildirən sosioloq Lalə Mehralı Demokrat.az-a açıqlamasında bildirib ki, çox təəssüf ki, bəzən bütün məktəblərdə bu vəziyyəti sıradan adiləşmiş bir vəziyyət kimi qələmə verilir. Sosioloq vurğulayıb ki, hər şeyin məktəblə əlaqələndirilməsinin əleyhinədir:

“Bu uşaqların hər birinin ailələri var, onlar ancaq 4-5 saatlarını məktəbdə olurlar. Ona görə hesab etmirəm ki, hər şey məktəblə əlaqələndirilməlidir. Məktəbli olmaqları o, demək deyil ki, belə bir şeylər ancaq məktəbdə başlarına gəlir. Uşaqlar bəzən valideyn nəzarətindən kənarda qalırlar və onların məktəbdən sonra kifayət qədər azad bir həyatları olur. Valideyn işdə olur və uşaq nəzarətsiz qalır. Bəzən valideynlər uşağı məktəbə göndərir və bununla da, məsuliyyətlərin boyunlarından atmağa çalışırlar. Bəzi valideynlər hesab edirlər ki, mən uşağı məktəbə göndərdim və bütün məsuliyyət məktəbdədir. Yəni, övladın başına nə gəlirsə gəlsin məsuliyyət daşımıram. Təbii ki, bu, kökündən yanlış fikirdir. Məktəbdə olarkən uşağın məsuliyyəti həm məktəbin, həm də valideynin boynundadır. Biz uşağımızı məktəbə qoyub, onun məsuliyyətindən yaxa qurtara bilmərik. Hesab edirəm ki, məktəbə qoyaraq bir növ yarım gün azad olmaq düşüncəsi bəzən bu cür hadisələrin baş verməsinə səbəb olur. Hər bir valideyn övladı ilə bağlı 24 saat maraqlanmalıdır”.
Aynurə Pənahqızı Demokrat.az


