Hadisə Özəl

Ramin Hacılı məhkəmə heyətinə etiraz etdi

Ramin Hacılı məhkəmə heyətinə etiraz etdi

Qanunsuz miqrasiyaya görə ittiham olunan Azərbaycan Avropa Hərəkatının rəhbəri Ramin Hacılının cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Demokrat.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə Ramin Hacılı məhkəməyə etiraz edib.

Kifayət qədər faktlar var ki məhkəməyə etiraz edim. İttiham aktı saxta sübutlarla hazırlanıb. Cinayət işi yenidən istintaqa qaytarılsın.

Prokuror bildirib ki, məhkəməyə etiraza əsas yoxdur. Ona görə də etiraz əsassız hesab olunsun.

Müşavirədən sonra qərar elan olunub. Qərarda bildirilir ki, Ramin Hacılı əvvəlki proseslərdə də məhkəməyə etiraz edib. Etirazlardan əsas göstərilməsini üçün baxılmamış saxlamılıb.

Daha sonar şahid qismində ifadə verən Eldar Muxtarov bildirib ki, Ramin Hacılı ilə bir məktəbdə oxuyub: “Uşaqlıqdan Ramini tanıyıram. Bilirdim ki, viza məsələsi ilə məşğuldur. Mənə də viza məsələsində kömək edib. Amma heç bir problemim olmayıb. Ölkədə əməliyyat olunmuşam. Müalicəni Fransada davam etdirmək lazım oldu. Ramin mənə sənəd hazırlamaqda kömək edib”.

Daha sonra hakim bildirib ki, iş üzrə digər şahidlər dəfələrlə məhkəməyə dəvət olunsa da, onlardan bəziləri ölkədə olmadığından prosesə gəlməyiblər.

Ramin Hacılı bildirib ki, həmin şahidlər məhkəməyə gətirilməlidir.

Növbəti proses avqustun 31-də davam edəcək.

İttihama görə, “No Border Travel Agency” MMC-nin rəhbəri Ramin Hacılı, “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyinin sədri Sərdar İsgəndərov, “Yes Travel” MMC-nin vəzifəli şəxsləri Sərxan Abdullayev, Üzeyir Bağırlı, “HMH Baku Travel” MMC-nin rəhbəri Nərminə Dadaşova, Zakir Əmirov, Əziz Səfərəliyev, Akif Əsədov külli miqdarda qazanc əldə etmək məqsədi ilə ABŞ, Kanada və Avropa ölkələrinə səfər etmələri üçün Azərbaycan Respublikasının vətəndaşlarına viza alınması və səfər etdikləri ölkələrdə mühacir statusu alaraq yaşaya bilmələri üçün iş yerindən arayış, bank hesabından çıxarış, daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, hüquq mühafizə orqanlarına çağırış məktubu, guya xəsarət almalarına dair tibbi arayış və digər hüquq verən rəsmi sənədləri saxtalaşdırıb satmaqla, onlara müraciət etmiş şəxslərin qanunsuz miqrasiyalarını təşkil ediblər.

Qeyd edilənlərlə bağlı əvvəllər eyni xarakterli əməllərə görə dəfələrlə məhkum olunmuş Ramin Hacılı, eləcə də yuxarıda adları çəkilən digər şəxslər Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərkibində dələduzluq) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barələrində müvafiq olaraq həbs və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.

Ramin Hacılının barəsində olan cinayət işi ayrıca icraatda məhkəməyə göndərilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az