Siyasət Özəl

Ziyafət Əsgərov: “Cənab Prezident bunu niyə təkrarlamalıdır?!”

Ziyafət Əsgərov: “Cənab Prezident bunu niyə təkrarlamalıdır?!”

"Azərbaycan Ermənistana çoxdan yerini göstərib. Cənab Prezidentin buyurduğu kimi "dəmir yumruq" da hər zaman yerindədir. Buna görə də, Ermənistanın başbilənləri ağıllarını başlarına yığmalı və 2020-ci ilin noyabr ayında qəbul olunmuş üçtərəfli Bəyannamənin bütün tələblərini yerinə yetirməlidirlər".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib. Millət vəkili vurğulayıb ki, Azərbaycan daim beynəlxalq hüquqa çox böyük hörmətlə yanaşıb:

"Bunun nəticəsi olaraq deyə bilərik ki, Azərbaycan bugünədək üzərinə düşən bütün öhdəlikləri yerinə yetirib. Onu da qeyd edim ki, Azərbaycan, dövlət başçıları arasında imzalanmış üçtərəfli bəyanatlara hər zaman hörmətlə yanaşıb. İndi biz gözləyirik ki, Ermənistan da öz üzərinə düşən öhdəlikləri yerinə yetirsin. Biz həmişə Ermənistan tərəfinə öhdəlikləri yerinə yetirməli olduğunu demişik. Amma cənab Prezident bunu niyə təkrarlamalıdır?! Bu, Ermənistanın borcu və öhdəliyidir, ona görə də, dərhal yerinə yetirməlidir. Hesab edirəm ki, onlar bunu yerinə yetirəcəklər və başqa cür də ola bilməz, sadəcə uzadırlar".

Z. Əsgərov hesab edir ki, vaxtı uzatmaq ermənilərə heç vaxt xeyir gətirməyib:

"Əgər nə qədər uzadacaqlarsa, bir o qədər də cəzaları çox olacaq. Hər halda "Qisas" antiterror əməliyyatı bunu göstərdi. Çünki bunlar hər zaman təxribatla məşğul ola bilərlər və olduqda isə cəzaları çox ağır olacaq. Yaxşı olar ki, bunlar bəyanatlarda olan öhdəlikləri sakitcə yerinə yetirsinlər. Bununla da, iqtisadi layihələrdən fayda götürmüş olarlar".

Komitə sədri sonda bildirib ki, bu gün gəlmə ermənilərin Azərbaycan ərazisini tərk etməsi onu göstərir ki, Azərbaycan öz ərazisində söz sahibidir və qəti qərarla Ermənistana bir daha yerini göstərir"

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az