Gündəm Özəl

Deputat: “Biz məktəbi məktəbə qaytarmalıyıq”

Deputat: “Biz məktəbi məktəbə qaytarmalıyıq”

Bu il Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi qəbul imtahanında minlərlə gəncimizin 150 bal topladığı məlum olub.

Milli Məclisin deputatı Ceyhun Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, belə bir nəticənin olması çox ciddi məsələdir:

"Təəssüflə qeyd etmək lazımdır ki, əvvəlki dövrlə müqayisədə biz gənclərimizin daha az bal topladığının şahidi oluruq. Bəli, əvvəlki illərdə 400-500-700 bal toplayanlar daha çox idi. Amma, son illər bu göstərici azalıb. Bu gün artıq bizim gənclərimiz 400 bal yox, 150 bal toplayırlar. Bu, ciddi bir siqnaldır. Biz əvvəlki illərdə də balları davamlı olaraq aşağı salmışıq.Tendensiya ona gedir ki, əgər belə davam edərsə, birazdan 100 balla da bizim şagirdlərimizin universitetə girmək imkanı olacaq. Bu, çox ciddi məsələdir. Orta məktəblərdə tədrisin keyfiyyəti maksimum qaldırılmalıdır".

Millət vəkili hesab edir ki, repetitorluğun aradan qaldırılması istiqamətində ciddi addımlar atılmalıdır:

Deputat: “Biz məktəbi məktəbə qaytarmalıyıq”

"Biz məktəbi məktəbə qaytarmalıyıq.Yəni, müəllim yanına getməklə, bu məsələni biz həll edə bilməyəcəyik. Artıq elə bir proses gedir ki, hamı uşağını müəllim yanına aparır. Əvvəl əgər 9-cu və 10-cu sinifdə bu olurdusa, artıq birinci və ikinci sinifdən başlayır. Sanki müəllimlər evlərində, yanlarında paralel məktəblər yaradıb. Bu, çox ciddi bir siqnaldır. Biz bu barədə ciddi düşünməliyik və mərhələli şəkiıdə məktəbə inam, etimad qaytarılmalıdır".

Deputatın sözlərinə görə, repetitorluq məsələsi mümkün qədər yığışdırılmalıdır:

"Məktəblərdə elə dərslər keçməliyik ki, bizim gənclərimiz əlavə müəllim yanına getməyə ehtiyac görməsinlər. Ümumiyyətlə, bu gün bizim təhsilimizin qarşısında təkcə söhbət orta məktəbdən getmir, universitetlərdə də bu var. Mən əvvəllər bu məsələyə münasibət bildirmişdim. Təhsilimizin keyfiyyəti ürəkaçan deyil, bir sıra universitetlərimiz təhsildən bir sıra uğur əldə etsələr də, ümumi götürəndə biz təhsilin keyfiyyətli olduğunu söyləyə bilmirik. Hələ də, təhsilin keyfiyyəti ilə bağlı məsələlər var. Ona görə də, bu ciddi mesajdır, siqnaldır. Gənclərimziin çoxu çalışırlar ki, xaricdə təhsilə üz tutsunlar və burada təhsil almasınlar. Bütün bunlar qlobal məsələdir. Hesab edirəm ki, həm Elm və Təhsil Nazirliyi, həm də digər dövlət qurumlarının qarşısında çox ciddi vəzifə durur ki, onlar bu istiqamətdə ciddi addımlar ataraq tədrisin, təhsilin keyfiyyətini artırmalıdırlar. Bu, bir sos və həyəcan siqnalıdır.

Bu barədə ciddi düşünüb, addımlar atmalıyıq. Əgər bu işlər görülməsə, növbəti illərdə bizi daha çətin durum və daha çətin günlər gözləyir".

"Səylərimizi gücləndirməliyik k,i bu məsələnin həllini tapaq. Təhsilin və tədrisin keyfiyyətini artıraq ki, gənclərimiz daha savadlı, daha bilikli olsunlar",- deyə sonda C.Məmmədov fikirlərini yekunlaşdırıb.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az