Gündəm Özəl

Fatma Yıldırım: “Zəngəzur dəhlizinin açılması beynəlxalq baxımdan çox vacibdir”

Fatma Yıldırım: “Zəngəzur dəhlizinin açılması beynəlxalq baxımdan çox vacibdir”

“Daşkənd şəhərində Azərbaycan, Türkiyə və Özbəkistan xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirlərinin birinci üçtərəfli görüşünün keçirilməsi qarşılıqlı əlaqələrin gücləndirilməsi baxımından vacib platformadır. Azərbaycan Respublikasından xarici işlər naziri Ceyhun Bayramov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin iştirak etdiyi görüşdə xarici siyasət və regional əməkdaşlıq imkanları ilə bağlı məsələlər, üç ölkənin iqtisadiyyat, ticarət, investisiya və nəqliyyat sahələrində əməkdaşlığının tam potensialının həyata keçirilməsi üçün görülən işlər ətrafında müzakirələr aparılıb. Bu platforma türk dövlətləri arasında birliyin güclənməsinə öz töhfələrini verəcək”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, bu platforma Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizinin və bu dəhlizin bir hissəsi kimi Bakı-Tbilisi-Qars dəmir yolunun, eləcə də Zəngəzur dəhlizinin əhəmiyyətini bir daha gündəmə gətirib:

“Üç dövlətin müvafiq sahələr üzrə məsul nazirləri tərəfindən imzalanmış Daşkənd Bəyannaməsi də önəmli məqamları özündə ehtiva edir. Bəyannamədə Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrinə investisiya qoyaraq Azərbaycanın döyüşlərdən sonrakı reabilitasiya, yenidənqurma və reinteqrasiya səylərinin önəmi vurğulanır. Azərbaycan türk və özbək şirkətlərinin Azərbaycanın azad edilmiş torpaqlarının bərpası və yenidənqurması istiqamətində infrastruktur layihələrində iştirakını təqdir edir. Sənəddə həmçinin, beynəlxalq nəqliyyat əlaqələrinin genişləndirilməsi baxımından Zəngəzur dəhlizinin açılmasının önəmi qeyd olunur. Çünki Zəngəzur dəhlizinin açılması beynəlxalq nəqliyyat əlaqələrinin genişləndirilməsi baxımından çox vacib amildir. Eləcə də, ölkələr beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində bir-birilərinin ərazi bütövlüyünə tam hörmət göstərdiklərini bir daha vurğulayır və hər üç dövlətin suverenliyi və ərazi bütövlüyünü təhdid edən fəaliyyətlərə qarşı bir-birilərinin səylərini beynəlxalq hüquqa uyğun olaraq dəstəklərini ifadə edirlər”.

“Bəyannamədə əksini tapan Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi üzərində yerləşən dövlətlər Avropa ilə Asiyanı birləşdirən əsas tranzit ölkələri kimi gündəmdədir. Orta Dəhlizin əsas üstünlüyü ondan ibarətdir ki, bütün iştirakçı dövlətlər bu marşrutun funksionallığının artırlmasına güclü siyasi iradə nümayiş etdirirlər. Dəhliz boyunca yerləşən ölkələr arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq getdikcə genişlənir ki, bu da daşımalar, yüklərin cəlb edilməsi, logistika ilə bağlı məsələlərin uzlaşdırılmasına geniş imkanlar yaradır. Qlobal miqyasda Orta Dəhlizə marağın artmasında, heç şübhəsiz ki, Azərbaycan müstəsna rola malikdir. Respublikamız Transxəzər marşrutu üzrə ən önəmli həlqələrdən birini təşkil edir. Uzunmüddətli siyasi sabitlik, mükəmməl qanunvericilik bazası, təhlükəsizliyə verilən zəmanətlər, optimal qiymətlər, keçid prosedurlarının sadəliyi, məsafənin qısalığı, relyefin əsasən düzən olması və s. amillər transmilli şirkətlərin ölkəmizə marağını artıran səbəblər sırasında yer alır”,-deyə millət vəkili vurğulayıb.

Fatma Yıldırım qeyd edib ki, Azərbaycan, Türkiyə və Özbəkistan arasında üçtərəfli əməkdaşlıq ortaq tarixə, birgə mədəniyyətə və dəyərlərə əsaslanır:

"Bu amil möhkəm ikitərəfli əlaqələr və ölkələr arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinə söykənir. Xarici işlər, iqtisadiyyat və nəqliyyat üzrə məsul nazirlərin iştirakı ilə əsası qoyulmuş yeni üçtərəfli format ölkələrimizin müvafiq sahələr üzrə əməkdaşlığımızı daha da genişləndirəcək".

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az