“Bütün dünya ictimaiyyətinə məlumdur ki, Ermənistan 10 noyabr 2020-ci ildə kapitulyasiya aktına qol çəkdi, yəni məğlubiyyətini rəsmi olaraq qəbul etdi. Azərbaycan Respubikası Prezidentinin, Rusiya Federasiyası prezidentinin, Ermənistan baş naziri Nikol Paşinyanın imzaladığı bəyannamə var və bu sazişdən irəli gələn prinsiplər, öhdəliklər mövcuddur. Bu öhdəliklərin biri də ondan ibarət idi ki, Ermənistan öz silahlı birləşmələrini Qarabağ ərazisindən çıxartmalıdır. Yəni, vaxtilə işğal etdiyi bütün ərazilərdən öz işğalçı ordusunu çıxarır. Artıq iki ilə yaxın müddət keçir və bu müddət ərzində Ermənistan öz üzərinə düşən öhdəliyi yerinə yetirmir”. Bu fikirləri Demokrat.az-a açıqlamasına Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat vurğulayıb ki, Rusiya tərəfinin də bu proseslərdə iştirakı, eyni zamanda sazişdə imzası var:
“Ona görə də, hər bir ölkə üzərinə götürdüyü bu öhdəlikləri yerinə yetirməlidir. Əgər Ermənistan bu öhdəlikləri yerinə yetirmirsə və silahlı birləşmələrini Qarabağdan çıxarmırsa, əlbəttə ki, o zaman Azərbaycanın tam suveren hüququ var ki, onları o torpaqdan çıxartsın.

Azərbaycan ordusunun gücü hər kəsə məlumdur və erməni ordusu da bu gücü çox gözəl bilir. Qeyd edim ki, Azərbaycan öz suveren hüquqlarından daimi istifadə etmə hüququ var və bu, beynəlxalq hüquqa söykənir. Hesab edirəm ki, Rusiya da bu sazişdə öz üzərinə götürdüyü prinsiplərin yerinə yetirilməsində maraqlıdır. Məlumdur ki, rus sülhməramlılar Qarabağda, Xankəndidə və digər rayonlarımızda sülhməramlı missiyasını həyata keçirir. Əgər bu missiya Rusiya tərəfindən həyata keçirilirsə, o zaman orada Ermənistanın silahlı birləşmələrinin funksiyası nədən ibarətdir? Orada hansı işi görür? Sözsüz ki, təxribat, təhdid…
Ümumən bölgədə zəfər qələbəsindən sonra böyük bir sülh mühiti formalaşıb. Bu sülh mühitinin daha da dayanıqlı olması vacibdir. Qeyd edək ki, Zəfər qələbəsində sonra bölgənin özündən çox qlobal iqtisadi layihələr həyata keçirilir. Beləliklə, bölgədə böyük iqtisadi əhəmiyyətli layihələrin həyata keçirilməsi, Zəngəzur dəhlizinin açılması və s. bu kimi proseslərin yüksək dərəcədə həyata keçməsi üçün ümumən bölgədə bütün terror riskləri, təhdid riskləri tamamilə aradan qaldırılmalıdır. Bunun üçün Ermənistan öz silahlı qüvvələrini Qarabağdan çıxartmalıdır”. Millət vəkilinin sözlərinə görə, bu, həm Ermənistanın özünə, həm də bölgə üçün çox əhəmiyyətlidir:
“Beynəlxalq hüquq da imkan verir, Azərbaycanın suveren hüquqları da bunu tələb edir ki, Azərbaycan Ermənistanın silahlı qüvvələrini Qarabağdan çıxarılması üçün müvafiq addımlar atsın. Bu, Azərbaycan tərəfinin hüquqi haqqıdır. Rusiya isə hesab edirəm ki, müqavilədən gələn prinsipləri həyata keçirilməsində Azərbaycana dəstək verəcək”.
Aynurə Pənahqızı Demokrat.az


