“Ermənistan tərəfindən zaman-zaman biz belə açıqlamanın şahidi oluruq ki, guya 1991-ci ildə MDB-yə daxil olarkən qurum üzvləri bir-birinin ərazi bütövlüyünü tanıyıblar və Ermənistan da Azərbaycanın ərazi bütövlüyünü tanıyır”. Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
Politoloq vurğulayıb ki, bu cür bəyanatların səsləndirilməsi əslində diqqəti yayındırmaq üçün atılan addımlardır:
“Çünki Ermənistan tərəfi hələ də Qarabağla bağlı iddiaları davam etdirirsə və Azərbaycan ərazisindən qoşunlarını çıxartmağa ləngidirsə, 10 noyabr anlaşmasında üzərinə götürdükləri öhdəlikləri yerinə yetirmirsə, bu, o deməkdir ki, verilən bəyanatlar hamısı boş və mənasız fikirlərdir. Ümumiyyətlə, deyə bilərəm ki, Azərbaycan üçün Qarabağ məsələsi bitib. Sadəcə olaraq, orada bir neçə məsələ qalıb ki, onların həlli mütləq lazımdır. Onlardan birincisi əlbəttə ki, Qarabağda ermənilər yaşayan ərazilərdə hal-hazırda fəaliyyət göstərən Rusiya sülhməramlı qüvvələri adlandırılan kontingentin orada qalma müddəti və onlarla bağlı məsələlərdir. Digər məsələ isə həmin ərazilərdə yaşayan təxminən 25 min erməni əhalisinin Azərbaycan qanunlarına tabe olub, Azərbaycan vətəndaşlığını qəbul etməsi, Azərbaycan cəmiyyətinə inteqrasiya olacağı məsələlərdir ki, bu məsələlərlə bağlı işlər aparılmaqdadır. Yəni, Azərbaycanın mövqeyi bundan ibarətdir”. Politoloqun sözlərinə görə, Azərbaycan üçün hansısa bir Qarabağ məsələsi, status məsələsi və digər məsələlər yoxdur:
“Bu baxımdan Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi imzalanmadan qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınmasından danışmaq imkansızdır. Çünki Azərbaycan tərəfinin Ermənistana qarşı irəli sürdüyü 5 təklifin əsasında duran birinci məsələ ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması, gələcəkdə qarşılıqlı şəkildə ərazi iddiaların sürülməməsi, sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiya və demarkasiyası olunması, kommuniskayaların açılmasıdır. Bu məsələlər həllini tapmadan Ermənistan tərəfindən verilən hansısa bəyanatın ciddiliyinə şübhə ilə yanaşıram. Bu baxımdan deyə bilərik ki, əlbəttə ki, sülh müqaviləsi imzalana bilər, hazırlana bilər, qarşılıqlı şəkildə ərazi bütövlüyü tanına bilər və bunun Qarabağdakı ermənilər məsələsinə heç bir aidiyyatı yoxdur. Bizim üçün bir daha qeyd edirəm ki, o məsələ bitib. Sadəcə olaraq, Azərbaycanın atacağı bundan sonrakı addım həm orada yaşayan insanların Azərbaycana cəmiyyətinə inteqrasiya olunması, Azərbaycanda yaşamaq istəyən, Azərbaycan vətəndaşlığı statusundan istifadə edərək imtiyazlara sahib olmaq istəyənlərlə bağlıdır. Kim ki Azərbaycana qarşı cinayətlərdə iştirak edib və Azərbaycanda yaşamaq istəmir, Azərbaycan vətəndaşı olmaq istəmir, əlbəttə ki, onların məsələsi də açıqdır. Onlar da bu ölkəni tərk edə bilərlər və burada ikinci bir məsələ ola bilməz”. Qeyd edək ki, ötən gün Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan "Armenpress"ə müsahibəsində deyib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır. O qeyd edib ki, Ermənistan və Azərbaycan MDB-nin yaradılması haqqında 1991-ci ildə imzalanmış və sonra ratifikasiya olunmuş sazişlə bir-birinin ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını tanıyır və bu, həm Ermənistanın, həm də Azərbaycanın bugünkü qanunvericiliyinin bir hissəsidir.
Aynurə Pənahqızı Demokrat.az


