Şəhid ailələrinə, qazilərə diqqət və qayğı dövlət siyasətinin prioritetlərindəndir. Lakin araşdırmalar göstərir ki, hələ də qazilərə, şəhid ailələrinə qarşı dələduzluq hallarının artmaqdadır.
Məsələ ilə bağlı fikirlərini Demokrat.az-a bölüşən Milli Məclisin üzvü Arzu Nağıyev bildirib ki, müharibə iştirakçılarına, təqaüdçülərə, veteranlara, qazilərə, şəhid ailələrinə qarşı belə dələduzluq hərəkətləri mütəmadi olaraq baş verib. Deputat vurğulayıb ki, hər zaman bu cinayətlərin qarşısı hüquq-mühafizə orqanları tərəfindən uğurla alınıb:
“Son vaxtlar İkinci Qarabağ müharibəsinin iştirakçılarına qarşı da bu kimi hallar artmaqdadır. Əvvəlcə hadisə medallarla, sonra əlillik dərəcələri, şəhid ailələrinə mənzillərin verilməsində növbətçiliklə bağlı məsələlərdə bu faktlara rast gəlinmişdir.
Təbii ki, bütün bunların qarşısı mütəmadi olaraq alınmışdır. Bu məsələni törədənlərin məramı, məqsədi bəllidir. Onlar pul əldə etmək üçün bu həssas təbəqənin vəziyyətindən istifadə edirlər və öz gəlirlərini artırmaq üçün bu cür cinayətlərə əl atırlar. Lakin onlar başa düşmür ki, bunlar elə həssas təbəqəyə qarşı bir cinayət edirlər ki, bu da heç bir müqəddəsliyə, dinə sığmır. Buna görə də, düşünürəm ki, onların cəzası ən yüksək səviyyədə olmalıdır.
Digər tərəfdən bu aldanmaya gedənlərin özü də başa düşməlidir ki, onların qarşısındakı hansısa dələduzdur və bu zaman hüquq-mühafizə orqanları ilə əlaqə yaratmalıdırlar. Birmənalı şəkildə anlamalıdırlar ki, kiməsə hansısa rüşvət verməklə, yaxud hansısa məbləği təklif etməklə məqsədə çatmaq düzgün deyil. Bizim vətəndaşlarmız da bu məsələdə ayıq-sayıq olmalıdır, bundan başqa ictimai qınağın da olması mütləq şəkildə vacibdir. Sirr deyil ki, heç də hamı bizim qələbəmizə sevinmir. Ona görə də, diqqətli olmaq önəmlidir. Hesab edirəm ki, bu hallara yol verənlər sərt şəkildə cəzalandırılmalıdır və cəzalandıralacaqdır”.
Aynurə Demokrat.az


