Son günlər bəzi sosial media istifadəçiləri Azərbaycan Ordusunun nüfuzuna xələl gətirən müxtəlif məlumatlar yaymaqla məşğuldurlar. Mümkündür ki, mətbuatla bağlı insanlar və ya aktiv sosial şəbəkə istifadəçiləri ordu ilə bağlı hansısa qeyri-rəsmi informasiya əldə ediblər. Həmin məlumatı dərhal yaymaq, ajiotaj yaratmaq, rəsmi açıqlama əldə etmədən, onu gözləmədən əminliklə hadisənin baş verdiyi barədə ictimai rəy yaratmaq nə dərəcədə düzgündür? Ordu ilə bağlı qeyri-dəqiq məlumatların düşmənin maraqlarına xidmət etdiyinin fərqində olmaq bu qədərmi çətindir?
Qısa haşiyə çıxıb vurğulamaq yerinə düşər ki, ötən gün Kəlbəcərdə baş verən hadisə ilə bağlı yaranan xoşagəlməz mənzərənin hamımız şahidi olduq. Bir sıra sosial şəbəkə istifadəçiləri dərhal guya bir şəxsin deyil, daha çox hərbiçinin minaya düşməsi, hətta onlar arasında generalın olması barədə informasiyanı tirajladılar. Hansı ki, bir qədər sonra rəsmi məlumat yayıldı və bir hərbiçinin minaya düşməsi bəlli oldu.
Ümumilikdə qeyri-dəqiq məlumatların yayılması hallarının kütləviləşməsinin sülh danışıqlarının aparıldığı, Qarabağla bağlı müəyyən proseslərin baş verdiyi həssas dönəmdə dövlətin maraqlarına, ordunun nüfuzuna nə dərəcədə zərbə vurduğunu hər bir vətəndaş tutduğu mövqedən asılı olmayaraq dərk etməli və anlamalıdır.
Bu baxımdan Baş Prokurorluğun gördüyü tədbirlər təqdir olunmalıdır. Bu gün yayılan rəsmi məlumatda da vurğulanıb ki, son günlər bəzi sosial media istifadəçiləri tərəfindən Azərbaycan Ordusunun işgüzar nüfuzuna xələl gətirmək, vətəndaşlar arasında süni ajiotaj yaratmaq, eləcə də dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində görülən işlərə kölgə salmaq məqsədilə həqiqətə uyğun olmayan informasiyalar tirajlanıb. İctimai-siyasi sabitliyin, insan və vətəndaş hüquq və azadlıqlarının pozulmasına yönələn halların qarşısının alınması üçün bu cür hərəkətlərə yol verən şəxslər Baş Prokurorluğa dəvət olunub, onların barələrində tədbirlər görülüb. Beş nəfər sosial media istifadəçilərinə “Prokurorluq haqqında” Qanunun 22-ci maddəsinə əsasən, gələcəkdə bu kimi neqativ hallara yol verməmələri ilə bağlı xəbərdarlıq edilib.
Bundan başqa, bir nəfər feysbuk sosial şəbəkəsində özünə məxsus olan səhifədə qanunla yayılması qadağan edilən informasiyanı yerləşdirdiyinə görə müvafiq qanunvericilik əsas tutulmaqla Bakı şəhərinin Nizami Rayon Məhkəməsinin qərarı ilə bir ay müddətinə inzibati həbs tənbehi seçilib.
Bütövlükdə media subyektləri və sosial şəbəkə istifadəçiləri təkcə ordu ilə bağlı deyil, digər sahələrlə bağlı da dövlət qurumları ilə hər hansı dəqiqləşdirmə aparmadan yoxlanılmamış məlumatların yayılmasına yol verməməlidirlər.
Dəqiqləşdirilməmiş məlumat yaymaq, ağlagəlməyən versiyalar ortaya atmaq bir yandan ictimai rəyi çaşdırır, cəmiyyətdə süni gərginlik yaradır, digər yandan dövlətin maraqlarına, onun bel sütunu olan ordunun nüfuzuna ciddi zərbə vurur.
Cəmiyyətin üzdə olan kəsimi, əsasən də mətbuatla bağlı adamlar tam əks mövqe tutmalı, yəni rəsmi mənbələrə üstünlük verməli, şaiyələrin yayılmasını önləməlidir.
İlk növbədə, xüsusilə ordu ilə bağlı hadisələrdə, məlumatlarda rəsmi mövqeni gözləmək, öyrənmək mütləqdir. İkincisi, rəsmi xəbərin, mövqenin gecikməsi halı baş verirsə belə, bunu anlayışla qarşılamaq, əhalini çaşdıran, ölkə ilə bağlı xoşagəlməz rəy yaradan məlumatları yaymaq olmaz. Bəzi hallarda Azərbaycana düşmən olan qüvvələrin ağlının ucundan belə keçməyən informasiyalara yer ayırmaq, tirajlamaq heç bir vətəndaşa başucalığı gətirmir və qanunvericiliklə məsuliyyət yaradır.
Elman Babayev Əməkdar jurnalist Demokrat.az


