“Ölkəmizdə 5-ci kolonun fəaliyyəti hər zaman hiss olunub. Gündəlik həyatdan, sosial mediadan tutmuş dövlət içərisindəki şəbəkəyə kimi açıq, ya gizli şəkildə özünü göstərib. İndi tarixi şəraitdə isə onların aktivləşməsi isə xüsusi əhəmiyyət kəsb edir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında BAXCP sədrinin müşaviri Azər Qasımov deyib. Analitik qeyd edib ki, bu günə kimi onlar dövlətdə, cəmiyyətdə fikir formalaşdırmaq, gündəm yaratmaq, bağlı olduqları dairələrin maraqlarını qorumaq idisə, indi istər Rusiya, istərsə də İran "5-ci kolonu" yaşamaq uğrunda mübarizə aparırlar:
“Rusiyanın Ukrayna müharibəsində düşdüyü aciz durum Rusiyaya bağlı olan kolon arasında daxili təviş yaradıb. Onlar yaxşı başa düşürlər ki, bu, xeyirli əlamət deyil. Belə davam edərsə, Rusiyanın imici yerlə bir olacaq və onda onların da sonu gələcək.

Odur ki, ciddi cəhdlə fikir formalaşdırmağa çalışırlar ki, guya Rusiya ayaqdadır, hələ qələbə irəlidədir. Amma daxilən yaxşı başa düşürlər ki, bu, artıq sondur. Rusiyanı düşdüyü bataqlıqdan xilas etmək olmayacaq. Bu da onların da sonunu gətirəcək”.
A.Qasımov əlavə edib ki, eyni proses İran "5-ci kolonu" ilə gedir:
“İran Azərbaycana qarşı elə bir mövqe tutub ki, bu, buradakı kolon üzvlərini çıxılmaz vəziyyətə salıb. Dini lider hesab etdikləri Xomenei ağaları nə müsəlmanlığa, nə dinə, nə qardaşlığa sığan açıqlamaları ilə onların da dilini gödək edib. Ermənistana verdikləri dəstəyi artıq açıq şəkildə ifadə ediblər. Azərbaycan cəmiyyəti də bunu ikrah hissi ilə qarşılayıb. Hansı kolon olursa-olsun onların fəaliyyəti istər Azərbaycanın siyasi aktiv elitası, istərsə də dövlət tərəfindən izlənir və istənilən fəaliyyətləri həmişə nəzarət altındadır. Onların ölkədə fəaliyyəti üçün heç bir açıq meydan yoxdur. Təşkil etmək istədikləri hər bir oyun üzə çıxarılır və qarşısı alınır. Bundan sonra da alınacaq. Onlar özlərini ağıllı hesab edirlərsə, biz onların ağıl verənlərindən belə ağıllı və hazırlıqlıyıq”.
Aynurə Pənahqızı Demokrat.az


