Hüquqi dövlət hər bir vətəndaşa cəmiyyətin bütün seqmentlərinə siyasi həyatda iştirak etmək barədə hüquqi imkanlar açır və hər bir fərdin hüquqlarını təmin edir.
Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa etdikdən sonra demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu seçmiş və bu istiqamətdə uğurlu addımlar atmışdır. Hazırda cəmiyyətimizin bütün sahələrini əhatə edən hüquqi islahatlar ölkəmizdə dönməz bir prosesə çevrilmişdir. Hüquqi islahatların təməli isə öz əksini Azərbaycan Respublikasının Konstitusiyasında tapmışdır. Demokratik qaydaların bərqərar edilməsi, insan hüquq və azadlıqların müdafiə olunması məsələləri bu gün də ölkəmizdə aparılan hüquqi islahatların əsas mahiyyətinin təşkil edir.
Ümumiyyətlə, müasir dövrdə insanın hüquq və azadlıqları, onların təmini və səmərəli şəkildə müdafiəsi, həmçinin insanın təbii hüquqlarının qanunvericiliklə dövlət tərəfindən təsbiti hər bir dövlətin və cəmiyyətin inkişafının mühüm faktorudur.
Milli Məclisin üzvü Azər Badamov Demokrat.az-a açıqlamasında Azərbaycanın demokratik müstəqil dövlət quruculuğunun tarixindən danışıb:
“1918-ci ildə qurulmuş Azərbaycan Xalq Demokratik Cümuhuriyyəti müsəlman şərqində ilk dəfə olaraq qadınlarla kişilərin hüquqları bərabərləşdirdi. Bütün vətəndaşlar üçün bərabər hüquqlar təmin olunmuşdu. 1991-ci ildə yenidən müstəqilliyə qovuşan Azərbaycan dövləti AXC-ni özünün siyasi varisi qəbul etdi və hüquqi, dünyəvi və demokratik dövlətin qurulmasının əsas yol olduğunu müəyyənləşdirdi. Amma ikinci dəfə müstəqillik qazanmış gənc Azərbaycan dövlətinin hüquqi bazasını təşkil edən konstitusiya 1995-ci ildə ulu öndər Heydər Əliyevin müəllifliyi ilə ərsəyə gətirilərək qəbul olundu. Konstitusiya dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərin əsaslarını təsbit edir. Vətəndaşlarının hüquq və azadlıqlarını elan edir və zəmanət verir. Belə ki, hüquqi dövlətin qurulması üçün aşağıdakı məsələləri həyata keçirmək lazım idi: - Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək;
- vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq;
- xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq;
- ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək.
Azərbaycanın ümumi inkişafı ilə əlaqədar bir neçə mərhələni addımlamağa məcbur olduq. Təbii ki, inkişafın səviyyəsi yüksəldikcə və dünyaya intqerasiyamız çoxaldıqca idarəetmə sisteminin də təkmilləşdirilməsi və daha geniş hüquq və azadlıqların tətbiqini ana qanunda əks etdirmək vacib oldu. Ona görə də Konstitusiyada ümumxalq səsverməsi yolu ilə 2002, 2009 və 2016-cı illərdə dəyişikliklərin edilməsi zərurətə çevrildi”. Deputatın fikrincə, bu dəyişikliklər vətəndaşların hüquq və azadlıqlarının daha yüksək səviyyədə təmin olunmasına yol açdı:
“Təbii ki, Azərbaycan Respublikasının inkişafı yüksələn xətlə davam edir və bütün vətəndaşların hüquqlarını hüquqi müstəvidə təmin edilir. Demokratik, dünyəvi və hüquqi dövlətimiz bütün vətəndaşları hüquqlarının həyata keçirilməsinə yol açır. Son illər Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə aparılan islahatlar dövlət idarəçiliyinin və iqtisadiyyatın hər bir sahəsinə geniş şəkildə öz əksini tapmışdır. Dövlət idarəçiliyində gənclərə yol açılması, cəmiyyətin hər bir təbəqəsinin yaşam hüquqlarının təmin edilməsi dövlətimizi qarşısında dayanan əsas vəzifələrdəndir. Məhz son illərdə keçirilən islahatların əhatə dairəsinin genişləndirilməsi vətəndaşların sosial rifahına öz müsbət təsirini göstərmiş və dövlətin müstəqilliyi xalqın sarsılmaz birliyinə çevrilərək möhkəmlənmişdir. Təbii ki, İkinci Qarabağ müharibəsi ölkəmizdə mövcud xalq dövlət birliyini və vətəndaşların öz doğma vətəninə sıx bağlılığını bir daha sübut etdi. Əlbəttə, islahatlar ölkəmizin inkişafına xidmət edir. Hesab edirəm ki, islahatların sonu yoxdur və ölkə inkişaf etdikcə aparılan islahatların əhatə dairəsi də daha da genişlənəcək”.
Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Azərbaycan dövlətinin siyasi və fəlsəfi olaraq hüquqi dövlət olduğunu deyir. Çünki ölkəmiz hüquqi münasibətlərə əsaslanır: “Burada əsas məsələ hakimiyyətin mənbəyinin xalq olması konstitusion olaraq elan olunur və nəticə etibarilə insan haqlarının təmin olunması bu dövlət üçün ən prioritet vəzifə hesab edilir. Amma və lakin dövlət aparatı, yəni bürokratik aparatın müstəqillik dönəmindən sonra qurulması, yaşının az olması, müstəqil formada təcrübə olmaması istər-istəməz digər mənfi tendensiyalar doğura bilir. Məsələ görürsən ki, vəzifədən sui-istifadə, müəyyən korrupsiya halları, rüşvətxorluq, qohumbazlıq var və bütün bunların hamısı baş verə biləcək bir prosesdir”.
Ekspertin sözlərinə görə, lakin dövlət əvvəlki çağırışlara uyğun həm də ki, idarəetmələrə yeni alətlərin tətbiqi ilə bağlı müsbət nəticə əldə etmək üçün islahatlar elan edir, islahatlara gedir: “Bu mənada bizdə də 2019-cu ildən sonra müəyyən addımlar atılıb və müəyyən müsbət tendensiyalar var. Amma onların hüquqi dövlət quruculuğundakı rolu və onun inkişafında oynadığı rol indiki mərhələdə müəyyən qədər gözə çarpsa da, o daha çox gələcəkdə müsbət nəticələrin əldə olunmasına hesablanıb, yəni strategiya elədir ki, strategiyada faktiki olaraq nəticəni indi ala bilərsən, amma strategiyanın nəticələri uzun illərə söykənməlidir. Bu mənada hakimiyyətdə aparılan islahatlar, məsələn icra hakimiyyətləri ilə bağlı dəyişmələr var, məhkəmələrlə bağlı tez-tez gündəmə gələn müxtəlif çağırışlar var, proyektiv idarəetmə modeli ilə bağlı məsələlər var. Həmçinin, data bazaya əsaslanan idarəetmə növü ilə bağlı müəyyən tətbiqlər həyata keçirilir”.
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb
Mövzu - "Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu"