“18 iyuldan başlayaraq, artıq bütün ölkə üzrə valideynlər portala daxil olaraq, şəxsi kabinet yaradıb, uşaqlarının məlumatını ora daxil edə bilərlər.”
Bunu Demokrat.az-a müsahibəsində Ümumtəhsil və məktəbəqədər təhsilin idarə olunması və təşkili şöbəsində sektor müdiri İlahə Rəsulova bildirib:
“22 iyuldan başlayaraq, Mərkəzi Aran bölgəsi üzrə və 26 iyuldan başlayaraq Bakı şəhəri üzrə, 2 avqustdan artıq bütün ölkə üzrə növbəyə yazılma prosesi başlayacaq.

Yəni valideynlər artıq öz uşaqları üçün bağça seçimi prosesinə başlayacaqlar. Valideynlər 3 bağça seçə bilərlər. Vacib deyil ki, bu onun yaşadığı ərazi olsun. Ola bilər ki, valideyn bir ərazidə yaşayır, amma digər yerdə işləyir və ora apara bilər uşağını. Bir ay ərzində artıq bu növbələrin sorğuya çevrilməsi prossi başlayacaq. Əgər o bağçada, o yaş qrupunda yer varsa, o zaman həmin valideynə sms vasitəsilə təsdiq mesajı gələcək, artıq təsdiq olunandan sonra valideyn o təsdiq sənədi, elektron ərizə və digər sənədləri də bağçaya aparıb təqdim edə biləcək.”
İlahə Rəsulova bildirdi ki, proses 14 sentyabra qədər davam edəcək:
“Təxminən ölkə üzrə 20 minə yaxın valideyn qeydiyyatdan keçib, şəxsi kabinet yaradıb. Bu proses 14 sentyabra qədər davam edəcək. 15-21 sentyabr tarixlərində qrupların komplektləşməsi gedəcək. Bilirsiniz ki, qanuna görə, müəyyən yaş qruplarına görə qrupların tutumu var. 21 sentyabrdan artıq sistem açıq olacaq ki, ilboyu ərzində boş yerlər olarsa, o zaman validynlər yenidən uşaqlarını yazdıra bilərlər.”
Müsahibimiz onu da qeyd etdi ki, məktəbəqədər təhsil qanununa görə, 1-5 yaş olan uşaqlar məktəbəqədər təhsil müəssisələrinə qəbul ola bilərlər. Elə bir məhdudiyyət yoxdur ki, kimsə qəbul ola biləır, kimsə yox.
Gülçin Qorxmaz Demokrat.az


