“Sirr deyil ki, müharibə iştirakçıları orada ölüm-dirim mübarizəsində olublar. Onların yanında insanlar vəhşicəsinə öldürülüb. Yəni, onların aldıqları travmanın böyüklüyü, gördükləri dəhşətin böyüklüyü heç nə ilə izah edilə bilməz. Buna görə də, onlara yalnız və yalnız dəstək olmaq lazımdır”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında sosioloq Lalə Mehralı deyib. Sosioloq qeyd edib ki, onların sakit bir mühitdə müalicələrini davam etdirməyə yardımçı olmaq lazımdır:
“Ölkəmizdə bəzi xırda, kiçik məmurlar var ki, müharibə iştirakçılarını, qaziləri dövlətdən narazı salırlar.

Onların aldıqları psixoloji sarsıntı gözlə görünmür deyə, bəzi məmurlar hesab edirlər ki, onlar sağlam qayıdıb. Şərt deyil ki, müharibədə insan əlini, ayağını, gözünü, hansısa bir əzasını itirsin. İnsanın ən dəhşətli itkisi onun beynidir. Təsəvvür edin ki, beynini itirmiş insan, psixologiyası tamamilə alt-üst olmuş bir insan hələ bundan sonra 30-50 il, yəni allah nə qədər ömür veribsə, o qədər yaşamalıdır. Təsəvvür edin ki, o dağılmış bu psixologiya ilə yaşamağa çalışır, amma buna o imkanları yerdəki məmurlar vermirlər. Prezidentdən və dövlətdən narazı salırlar. Qazilər bu dövləin baş tacıdır. Qazilərin, şəhidlərin sayəsində bu dövlət 30 illik ərazi problemini həll edə bildi. Dövlət onlara hər cür şərait, imtiyazı quracaq, amma yarıtmaz məmurların səhlənkarlığı sayəsində bu sahədə böyük problemlər yaranır”.
Aynurə Pənahqızı Demokrat.az


