“Avropa İttifaqı ilə münasibətlər Azərbaycanın xarici siyasətinin prioritetləri sırasındadır”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin üzvü Müşfiq Cəfərov deyib. Deputat vurğulayıb ki, Azərbaycan Aİ ilə münasibətlərini bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf etdirir:
“Azərbaycan-Aİ əlaqələrinin hazırki siyasi çərçivəsini “Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri” adlı sənəd təşkil edir. Sənəd 2018-ci il iyul ayında Brüsseldə Azərbaycan Prezidenti cənab İlham Əliyev və Aİ Şurasının sabiq Prezidenti Donald Tuskun iştirakı ilə imzalanıb. Azərbaycan Avropa İttifaqı ilə yeni enerji memorandum imzalanması, Avropa Komissiyanın sədri Ursula von der Leyenin ölkəmizə səfəri çox önəmli hadisədir. Səfər çərçivəsində anlaşma memorandumu imzalandı. Anlaşma memorandumunda tərəflərin bir-birinin ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına, müstəqilliyinə və suverenliyinə hörmət və dəstəklə bağlı öhdəlikləri xüsusi vurğulandı”.
Millət vəkili vurğulayıb ki, memorandumun əsas mahiyyəti Azərbaycan qazının sabit və təhlükəsiz şəkildə Aİ-yə çatdırmaqdır:

“Burada söhbət kommersiya məqsədəuyğunluğu və bazar tələbinə uyğun olaraq qaz tədarükünün diversifikasiyasını dəstəkləmək məqsədilə Xəzərin Azərbaycan sektorundakı təbii qazın Aİ-yə və Qərbi Balkan ölkələrinə daşınmasından gedir. Mən düşünürəm ki, bu saziş tək ölkəmiz üçün deyil, bütövlükdə regionun da önəmini artıracaq, həmçinin, regionda yarana biləcək münaqişələrin önlənməsinə xidmət edəcək. Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olması və qorunması üçün bu saziş vacib qoruyucu qalxan rolu oynayacaqdır. Yeni saziş ölkəmizin iqtisadi yüksəlişinə də müsbət təsir göstərəcək, qaz gəlirləri artacaq bu da əhalinin rifah halının daha da yaxşılaşmasına səbəb olacaq. Bundan başqa ölkəmizin Qərbə münasibəti daha da möhkəmlənəcək. Uzun müddətdir ki, Azərbaycanla AB arasında yeni strateji tərəfdaşlıq müqaviləsi üzərində iş gedir, nəhayət ki, biz bunu yekunlaşdırdıq və ölkə başçısının rəhbərliyi ilə aparılan uzaqgörən siyasət öz bəhrəsini verdi”.
M.Cəfərov əlavə edib ki, Azərbaycan-AB arasında əlaqələrin genişlənməsi bizim strateji dövlət maraqlarına tam uyğundur, ölkəmizin Qərblə daha sıx bağlanmasına səbəb olacaq:
“Avropa İttifaqı Azərbaycanın ən böyük ixrac tərəfdaşıdır. Demək olar ki, Azərbaycanın ticarətinin 40 faizdən çoxu Aİ üzv dövlətlərinin payına düşür. Həmçinin, 2021-ci ildə ümumi ixrac olunan neftin 70 %-ə qədəri Aİ ölkələrinin payına düşüb. Hazırda Azərbaycan-Aİ-enerji dialoqu çərçivəsində müzakirə edilən əsas mövzulardan biri də Azərbaycandan Avropaya “yaşıl” elektrik enerjisinin ixracı məsələsidir. Belə deyə bilərik ki, Avropa İttifaqı ilə Azərbaycan arasındakı tərəfdaşlıq daha da dərinləşəcək. Aİ Şurasının Prezidenti Şarl Mişel Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində səylər həyata keçirir. Mişelin iştirakı ilə Azərbaycan və Ermənistan liderləri 2021-ci ilin dekabr, 2022-ci ilin aprel və may aylarında 3 dəfə Brüsseldə görüşüblər”.
Aynurə Pənahqızı Demokrat.az


