Siyasət Özəl

"Paşinyan hakimiyyəti üçtərəfli anlaşmalara riayət etmək məcburiyyətində qala bilər"— ŞƏRH

Paşinyan hakimiyyəti üçtərəfli anlaşmalara riayət etmək məcburiyyətində qala bilər— ŞƏRH

“Azərbaycan Prezidenti İlham Əliyevin son açıqlamaları Cənubi Qafqaz regionunda yaranmış vəziyyətin həddindən artıq gərgin olduğunu göstərir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi ekspert Elçin Xalidbəyli deyib. Analitik qeyd edib ki Azərbaycan lideri belə vəziyyətin davam edəcəyi təqdirdə, regionda baş verə biləcək hərbi-siyasi proseslərin diplomatik məzmunda anonsunu verib və xəbərdarlıq mesajları göndərib:“İndi Cənubi Qafqazda maraqları olan dövlətlər, eləcə də, mövcud situasiyanın yaranmasında birbaşa günahkar olan Ermənisran Prezident İlham Əliyevin xəbərdarlıq mesajlarından lazımi nəticə çıxartmağa məcburdur. Məsələ ondadır ki, Azərbaycan lideri rəsmi Bakının radikal və həlledici addımlara hazır olduğuna yönəlik açıq mesajlar verib. Prezident İlham Əliyevin “Ermənistan silahlı birləşmələrinin Azərbaycan ərazisində qalması tamamilə qəbuledilməzdir" xəbərdarlığı, rəsmi Bakının Ermənistanı üçtərəfli anlaşmaların icrasına hərbi yolla məcbur etmək variantını artıq müzakirə etməyə başladığını təsdiqləyir. Çünki, Azərbaycan Prezidenti "Əgər, Ermənistan öz silahlı birləşmələrini Azərbaycan ərazisindən çıxartmaq istəmirsə, onda bizə bunu açıq şəkildə desin ki, biz də işimizi bilək” deməklə yanaşı, rəsmi İrəvanın 10 noyabr üçtərəfli Bəyannaməsini kobudcasına pozduğunu da xatırladır”.

“Onu da qeyd edək ki, 10 noyabr üçtərəfli anlaşması İkinci Qarabağ savaşının dayandırılması məqsədilə imzalanmışdı. Bu sənədi imzalayan Azərbaycan, Ermənistan və Rusiya öz üzərlərinə konkret öhdəliklər götürüblər. Azərbaycan təbii ki, öz öhdəlikllərini tam şəkildə yerinə yetirib. Ancaq Ermənistan və Rusiya 10 noyabr üçtərəfli anlaşmasının tələblərini kobud şəkildə pozmaqda davam edir. Bu sıraya Ermənistan silahlı birləşmələrinin beynəlxalq hüquqa görə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Xankəndi və ətraf bölgədə qalmasını da aid etmək olar”.

E.Xalidbəyli əlavə edib ki, rəsmi Bakı artıq buna dözmək niyyətindən uzaq olduğunu qətiyyən gizlətmir:

“Ermənistan və Rusiyanın 10 noyabr anlaşmasına riayət etməməsi isə Azərbaycana bu problemi birtərəfli qaydada hərbi yolla həll etmək hüququ verir. Yəni, hazırda Cənubi Qafqazda yaranmış situasiya onu göstərir ki, Azərbaycanın Ermənistana qarşı başlaya biləcəyi və Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti dislokasiya olunduğu Xankəndi və ətraf bölgədə aparacağı antiterror əməliyyatları artıq əvvəlcədən legitimləşib. Ermənistan, Rusiya və hər hansı başqa dövlətin bu məsələyə etiraz etmək üçün hüquqi əsası, arqumenti artıq qalmayıb.

Bütün bunları nəzərə aldıqda, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində müəyyən müsbət dinamika müşahidə oluna bilər”.

“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanda ikitərəfli görüş keçirtdiyi erməni həmkarı Ararat Mirzoyandan Ermənistan silahlı birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılmasını növbəti dəfə tələb edib. Bu baxımdan, Ermənistan rəsmi Bakının qətiyyətli xəbərdarlıq mesajlarını artıq tam şəkildə alıb. İndi rəsmi İrəvan artıq tamamilə legitim xarakter daşıyacaq yeni savaşla üzləşmək istəmirsə, Azərbaycanın tələblərini dərhal yerinə yetirmək məcburiyyətindədir. Ona görə də, Paşinyan hakimiyyəti nəhayət ki, üçtərəfli anlaşmalara riayət etmək məcburiyyətində qala bilər. Əgər, bu ehtimal özünü doğruldarsa, yaxın vaxtlarda Azərbaycan və Ermənistan arasındakı ziddiyyətlərin nizamlanmasında həqiqətən də müsbət irəliləyişin ola biləcəyi qətiyyən istisna deyil. Çünki, rəsmi İrəvanın bunun əksinə davranması yeni savaşa səbəb verməsi anlamı daşıyır”, - deyə analitik sonda fikirlərini yekunlaşdırıb.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az