Rusiyanın Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxsi Azərbaycanda səfərdə olarkən bizim Müdafiə Nazirliyinə söz vermişdi ki, iyun ayına qədər erməni silahlı birləşmələri Qarabağdan çıxarılacaq. Ancaq bu gün artıq iyulun ortasıdır, bu məsələ öz həllini tapmayıb. Bunu Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışında deyib.
Məsələni Demokrat.az-a şərh edən BAXCP sədrinin müşaviri Azər Qasımov bildirib ki, Cənab Prezidentin tərəflər arasında baş tutan və ictimaiyyətə açıqlanmayan detalları açıqlaması proseslərin aktiv və həlledici fazasının başlamasına işarədir: 
“Görünən odur ki, Qarabağ məsələsində həlledici məqam yetişir. Cənab Prezident də məsuliyyət daşıyan tərəfləri öz öhdəliklərinin yerinə yetirilməsinə dəvət edir, son fikirlərini bəyan etməyə çağırır. Bundan sonra Azərbaycan tərəfi də bu məsələ ilə əlaqəli hansı siyasət yürüdəcəyini müəyyən edəcək”.
Politoloqun sözlərinə görə, erməni silahlı bölmələrinin Qarabağdan çıxarılması Azərbaycan tərəfinin əsas tələbidir:
“Bu, Azərbaycan üçün öz ərazilərinə tam nəzarət etmək baxımından prinsipial məsələdir. Rusiya tərəfinin söz verdiyi halda hələ də öz sözünə əməl etməməsi yeni hal deyildir. Belə faktlar çoxdur. Azərbaycan üçün öz ərazilərinə bu silahlı birləşmələrdən təmizləmək çətin iş deyil. Amma Rusiyanın verdiyi sözə əməl etməsini axıra kimi gözləmək istəyir”.
“Ümid edirik ki, Rusiya öz sözünü tutacaq və erməni silahlı qüvvələrini Qarabağ ərazisindən çıxaracaq. Azərbaycan son Qarabağ məsələsindən sonra regionda sülh dövrünün başlandığını elan edib, region ölkələri ilə “3+3” formatı təklif edib. Bu baxımdan çalışır ki, son ana kimi məsələləri sülh yolu ilə həll etsin. Bu, ilk növbədə Ermənistan üçün həyati əhəmiyyət kəsb edən məsələdir. Ermənistan dövlət kimi yeni bir müharibəni qaldıra bilməz və məhv olar. Hesab edirəm ki, Rusiya tezliklə verdiyi sözə əməl edəcək və regiona sülh gələcək”.
Aynurə Pənahqızı Demokrat.az


