Gündəm Özəl

Azər Niftiyev: “Britaniya Rusiyaya qarşı daha sərt və amansız mövqe ortaya qoyacaq”

Azər Niftiyev: “Britaniya Rusiyaya qarşı daha sərt və amansız mövqe ortaya qoyacaq”

“Böyük Britaniyanın baş naziri Boris Consonun istefa xəbəri dünya ictimaiyyəti tərəfindən maraqla qarşılandı”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Azər Niftiyev deyib. Analitik qeyd edib ki, bunun da öz növbəsində müəyyən səbəbləri var:

“Məlumdur ki, Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsi zamanı Böyük Britaniyanın baş naziri Boris Conson xüsusi fəallığı ilə seçildi və Ukrayna paytaxtı Kiyevdə iki dəfə rahat gəzən, müraciət edən dövlət başçısı kimi tarixdə qaldı. Rusiyanın Ukraynaya qarşı hücumları fonunda Britaniyanın əzmkar dəstəyi, Consonun tutduğu mövqe onun dünya müstəvisində kifayət qədər məşhurlaşdırdı. Bu günə qədər çoxlarımız Böyük Britaniyanın dünya siyasətinin nədən ibarət olacağı barədə məlumatsız idik. Qeyd etdiyim kimi, Consonun məşhurluğunun səbəbi məhz Rusiya-Ukrayna müharibəsi zamanı tutduğu mövqe ilə bağlıdır. Görünən bu oldu ki, bu mövqe Britaniya kimi ölkələri rəhbərliyində qalmaq üçün müsbət yox, mənfi nəticələr doğururmuş”.

Böyük Britaniyanın Azərbaycanda siyasətinin dəyişməsi məsələsinə gəlincə, ekspert hesab edir ki, Britaniyada oturuşmuş bir sistem mövcuddur:

“B.Britaniyanın siyasi sistemi hansısa şəxslər deyil, beyin mərkəzləri tərəfindən idarə olunur. Və Consonun istefası deyərdim ki, Rusiya-Ukrayna münasibətlərində heç bir dəyişikliyə nəinki səbəb olmayacaq, əksinə yeni gələn rəhbər Rusiyaya qarşı daha sərt və amansız mövqe ortaya qoyacaq. Bunun da öz növbəsində müxtəlif səbəbləri var. Əgər onlar Consonun gedişindən sonra digər şəxsi əvəzləyib, Rusiyaya qarşı neytral və zəif bir mövqe nümayiş elətdirsələr, bu çox ciddi narazılıqla qarşılanacaq. Britaniyaya qarşı mənfi münasibətin hökm sürməsinə səbəb olacaq. Təcrübəli İngiltərə diplomatiyası təbii ki, buna yol verməyəcək. Azərbaycanla da münasibətlərində heç bir dəyişiklik olmayacaq. 44 günlük Vətən müharibəsində Britaniya Azərbaycana dəstək nümayiş etdirən azsaylı ölkələrdən biridir. Bizim müstəqilliyimizin ilk illərindən enerji daşıyıcıları sahəsində çox ciddi iqtisadi əlaqələrimiz var. BP şirkəti bu gün Azərbaycanda neft və qazın emal olunmasında, dünya bazarına çıxarılmasında əsas iştirakçılardan biridir. Hesab edirəm ki, çox qısa müddət sonra Boris Consonun vəzifədən azad edilməsi üzərində yaradılan ajiotaj tamamilə aradan qalxacaq”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az