“Ermənistanı Qarabağda yaşayan ermənilərlə bağlayan Laçın dəhlizi strateji əhəmiyyətə malikdir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli deyib. Politoloqun sözlərinə görə, onun üzərində nəzarət Ermənistana imkan verə bilər ki, Azərbaycanın işğal altındakı ərazilərində müstəqil addımlar atsın:
“Hətta, provakasiya və terror əməlləri, təxribatlar törətsin. Koridorun Azərbaycanın nəzarətində olması isə Ermənistanın əl-qolunu bağlayacaq. Yeni Laçın dəhlizini Azərbaycan inşa edir və bu məntiqi olaraq o deməkdir ki, onun üzərində nəzarəti də tikintini aparan tərəf həyata keçirəcək.

Buna görə də Ermənistan tərəfi çox narahatdır. Çünki bilir ki, separatçı qüvvələrin Qarabağa gedişinin, silah-sursat daşınmasının qarşısı alınacaq”.
M.Rəhimli qeyd edib ki, ermənilərin bu hisslərindən bəzən xarici qüvvələr də istifadə edirlər:
“Onlar regionda siyasi maraqlarını təmin etmək üçün erməniləri qızışdırır və regionda sülhün yaranmasına mane olmağa çalışırlar”.
Aynurə Pənahqızı Demokrat.az


