Siyasət Özəl

“Qarabağ ermənilərinin gələcəyini yalnız Azərbaycan dövləti təmin etmək iqtidarındadır” — POLİTOLOQ

“Qarabağ ermənilərinin gələcəyini yalnız Azərbaycan dövləti təmin etmək iqtidarındadır” — POLİTOLOQ

Laçının Zabux kəndinin camaatı evlərini tərk etməyəcək, lazım gəlsə Ermənistana qarşı özünümüdafiə taktikasını da keçəcəklər. Bu fikirləri Zabux kənd icmasının “rəhbəri” Gevorq Çauşyan bildirib. “Biz Nikol Paşinyanın sərsəm fikirlərindən, danışıqlarından bezmişik. İndi o, bizə evlərin tikiləcəyini və bizim bu kənddən köçürüləcəyimizi bəyan edib. Biz isə bir nəfər kimi buna narazıyıq. Biz burada qalacayıq. İrəvan üstümüzə polis, hərbiçi göndərsə, kənd camaatı özünümüdafiə taktikasını keçəcək. Biz Ermənistanın nəzarəti altında gələcəyimizi görmürük. Biz Paşinyana təslim olmayacayıq”, - deyə o bildirib.

Məsələyə münasibət bildirən politoloq Şəbnəm Həsənova Demokrat.az-a açıqlamasında vurğulayıb ki, məğlub tərəfdə daxili çaxnaşmanın baş verməsi postmüharibə dövrünün reallığıdır:

“Əvvəla onu deyək ki, nəinki dünyanın, heç Ermənistanın özünün də illər ərzində tanımadığı, daha dəqiq tanımağa cürət etmədiyi “respublika”, “prezident” məfhumları kimi bunların hamısı “rəhbərlərdir”. Bu baxımdan, bütün tarixi dövrlərdə etnik tərkibi tamamilə azərbaycanlılardan ibarət olan, işğal dövründə heç bir insanın yaşamadığına baxmayaraq xarici pul yardımı hesabına erməni kilsəsinin tikildiyi və yalnız terrorçu qrupların yerləşdirilməsi də daxil olmaqla bütün qanunsuz əməllərə yuva edilən tarixi Zabux kəndimizin “rəhbəri” sözünü görən kimi yenə nəsə hay-küydən söhbət getdiyini dərhal başa düşmək olur. Hay-küy məsələsi üzərində dayanmağa daha güclü əsaslarımız var. Amma öncə qeyd edək ki, postmüharibə dövrünün reallığıdır ki, məğlub tərəfdə daxili çaxnaşma baş verir. Lakin Ermənistan, ermənilər üçün tarixi saxtalaşdırmaq istiqamətində atdıqları səhvlərin bulanıqlılığını durultmağın vaxtı çoxdan keçir. Bir şeyi düz deyirlər ki, o da Ermənistanın nəzarəti altında gələcəyimizi görmürük fikridir. Ermənistanda, İrəvanın lap mərkəzində olan ermənilərin hansı gələcəyi var ki sizin də olsun? Bir dövlət ki, regionda süni şəkildə yaradılaraq zaman-zaman da bölgəyə təsir mexanizmləri baxımından hər bir tərəfə alət kimi istifadə olunmaq üçün əl verirsə, düşünürəm ki, məhz bu anda hər şey aydın olur”.

Politoloqun sözlərinə görə, Laçının Zabux kəndi də daxil olmaqla, Qarabağ ermənilərinin təhlükəsizliyini də, normal gələcəyini də yalnız Azərbaycan dövləti təmin etmək gücündə və iqtidarındadır:

“Belə məsələlər qəti müharibə səbəbi ola bilməz, özü də indiki məqamda. Bunların müharibəyə heç səbəb belə olmayacaq bir atımlıq barıtları var, o da az öncə vurğuladığım kimi HAY-küy salmaqdır ki, qoymuyun təhlükəsizliyimizdən, gələcəyimizdən narahatıq, haqqlarımız tapdalanır. Bu kimi dirənişlər qondarma rejimin dırnaqarası rəhbərləri və onları oyuncaq kimi oynadanlar tərəfindən ortaya atılır. Qalmaq istəyirlərsə qala bilərlər, bir halda ki, pasport alıb Azərbaycan sərhədləri çərvivəsində bizim qanunlarımızla yaşayamağa razı olsunlar. Razı olmayacaqlar Ermənistanın sərhədləri çərçivəsində evlər də tikilsin, hara köçürlər köçsünlər də, özləri bilər, lap elə bir-birlərini qırsınlar, qalanı da axışsın İrəvanın mərkəzinə, ondan sonra aqibətlərinin necə olacağını da zaman çərçivəsində Azərbaycan göstərəcək, necə ki, illər ərzində reallığı qəbul etmədilər və gördülər”.

“Qarabağ erməniləri bilməlidir ki, Ermənistan, ya başqa hansısa tərəfə inanmaqla, güvənməklə aqibətləri puçdur. Yeganə Azərbaycan dövlətidir ki, biz də onlara yalnız özünü müdafiə olunmuş vəziyyətdə hiss etməyin deyil, normal gələcək qurmağın təminatını veririk. İkinci düz dedikləri məsələ isə Nikol Paşinyanın sərsəm fikirlərindən, danışıqlarından bezməklərini bildirmələridir ki, düzü, burada mən də onlarla razılaşmaya bilmirəm. Bu isə tamamilə başqa məsələlərlə, xüsusilə status, ATƏT-in Minsk Qrupu ilə bağlıdır. Hər ikisi ilə bağlı Azərbaycan dövlətinin başçısı qəti, dəyişməz, prinsipial mövqe ortaya qoyub”.

“Cənab Prezident İlham Əliyevin məhz 26 iyun-Silahlı Qüvvələr Günündə elə məhz Kəlbəcər və Laçından verdiyi mesajlar heç də təsadüf deyil. İkinci komando hərbi hissənin Füzulidən sonra Kəlbəcərdə yaradılması olduqca strateji, Ermənistanın nəticə çıxarmalı olduğu məsələdir. Dövlət başçımızın Azərbaycan türk ordu modeli üzərində qurulur bəyanatını hər dəfə açıq şəkildə səsləndirməsi, Türkiyə-Azərbaycan əsgər və zabitlərinin qış-yay təlimlərinə paralel olaraq komando hərbi birliklərinin yaradılması reallığı ilə birləşməsi sübut edir ki, Azərbaycan postmüharibə dövründə hərbi islahatlarını forma, məzmun, istiqamət və ən güclü əməli iş ilə sinxron şəkildə icra edir. Sərhəddə söz sahibi, üstün mövqeyə malik dövlət Azərbaycandır. Müzəffər Ali Baş Komandan bildirdi ki, bütün mövqelərdə komando hərbi hissələrin yaradılması davam etdiriləcək. Müzəffər Ali Baş Komandanımızın bu bəyanatları dəqiqliklə cızılmış yaxın və uzunmüddətli hədəflərimizin olduğundan xəbər verir. Bütün bunlarla da Ermənistanın mövcud və olacaq təxribatlarının qarşısı alınır. Ermənistan nə qədər cəhd etsə də Azərbaycanın deyil, öz ərazisini müharibə meydanına çevirəcək. Qarabağ və Şərqi Zəngəzurun müdafiəsi üzərində qətiyyətlə dayanmağımız yaradılan siyasi və iqtisadi reallığın hərbi cəhətdən gücləndirilməsidir”, - deyə politoloq fikirlərini yekunlaşdırıb.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az