Gündəm Özəl

Sosioloq: “Haqq-ədalət tərəfindən baxılsa, qadın da məsuliyyətə cəlb olunmalıdır”

Sosioloq: “Haqq-ədalət tərəfindən baxılsa, qadın da məsuliyyətə cəlb olunmalıdır”

Xəbər verdiyimiz kimi, iyulun 16-da Sumqayıt şəhərində avtobus sürücüsü və sərnişin arasında insident baş verib. Hadisə nəticəsində sərnişin Sənubər Baxışəliyeva yüngül bədən xəsarətləri alıb. Avtobusun sürücüsü Adil Kosayev isə hadisədən sonra işdən çıxarılıb. “Sumqayıt Nəqliyyat-1” MMC-nin şöbə müdiri Dildar Hümbətova bildirib ki, baş verən hadisənin araşdırılması və qanuni tədbir görülməsi üçün aidiyyati qurumlara müraciət edilib.

Məsələyə münasibət bildirən sosioloq Aynur Hacıyeva Demokrat.az-a açıqlamasında bildirib ki, həm qadının, həm də sürücünün bu hadisə də davranışları doğru deyil. Sosioloqun sözlərinə görə, qadın bu addımı ilə həm sürücünün, həm də digər sərnişinlərin həyatını birbaşa təhlükəyə atmış olur:

“Videodan da göründüyü kimi, ilk olaraq qadın sürücüyə hücum edir, onu təhqir edir və söyüş söyür. Daha sonra isə hücum edərək onu çantası ilə vurur. Sürücü də qadını uzaqlaşdırmaq üçün itələyir. Təbii ki, sürücünün burada qadını itələməsi doğru deyil, zorakılıqdır. Lakin qadın sürücünü bunu etməyə təhrik edir. Bir məsələni də diqqətinizə çatdırım ki, qadın iş başında olan, avtobus idarə edən və sərnişin daşıyan sürücüyə hücum edir, ona xəsarət yetirməyə çalışır. Bununla da, həm sürücünün, həm də digər sərnişinlərin həyatını təhlükəyə atır. İctimai asayişi pozur ve zorakılıq edir”.

Sosioloq: “Haqq-ədalət tərəfindən baxılsa, qadın da məsuliyyətə cəlb olunmalıdır”

Sosioloq əlavə edib ki, ölkəmizdə bir çox sürücülər krizis hallarında necə davranacaqları barədə məlumata sahib deyillər:

“Təbii ki, məlum olay yəqin ki, polis tərəfindən araşdırılır və sürücü böyük ehtimal ki, işdən uzaqlaşdırılıbsa, polis tərəfindən də cəzalandırılacaq. Sürücünün qadına itələyərək xəsarət yetirməsi doğru hal sayılmır. Lakin həmin an sürücünün düşünmədən bu addımı atması bir özünü müdafiə mexanizmidir. Sürücünün yeganə səhvi odur ki, krizis hallarında müdaxilə metodlarını bilmir. Bu hallarda necə davranacağını, necə rəftar edəcəyini bilmir. Bu sürücülərin yox, nəqliyyat sistemində olan rəhbərliklərin səhvidir. Çünki ,onlar sürücülərə krizis hallarında necə müdaxilə etməli, necə səbrli olmalı və s. kimi belə hallarla bağlı təlimlərin keçirilməsində maraqlı deyillər. Yaxşı olardı ki, sürücülərə bu haqda təlimatlar verilsin, təlimlər keçirilsin, bu istiqamətdə maarifləndirilsinlər”.

“Ümumiyyətlə,hesab edirəm ki, qadın da mütləq şəkildə məsuliyyətə cəlb olunmalıdır. Biz indi bilmirikki, polis tərəfindən araşdırmanın nəticəsi necə olacaq. Amma, haqq- ədalət tərəfindən baxılsa, qadın da məsuliyyətə cəlb olunmalıdır”. Sosioloq Sumqayıt nəqliyyatında olan böyük problemlərə də toxunub:

“Sumqayıtda böyük problemlərdən biri də odur ki, hələ də sərnişinlərin avtobusları dayanacaqdan kənarda saxlamasını tələb edirlər. Birazda bu məsələnin həlli ilə bağlı müəyyən işlər görmək lazımdır. Sərnişinlər məlumatlandırılmalıdırlar, bir qayda olaraq onlar başa düşməlidirlər ki, avtobus dayanacaqdan kənarda saxlanılmır. Hesab edirəm ki, bu istiqamətdə ciddi işlərin görülməsinə böyük ehtiyac var. Təbii ki, o zaman bu cür xoşagəlməz hadisələrin qarşısı da alınmış olar”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az