Özəl

“Media haqqında” qanuna rəy: Venesiya Komissiyası öz “qapısına qol vurdu”

“Media haqqında” qanuna rəy: Venesiya Komissiyası öz “qapısına qol vurdu”

Avropa Şurasının Venesiya Komissiyası Azərbaycanın “Media haqqında” qanununa rəy verib. Mövqe məlumdur, hətta bu rəyi oxumadan belə komissiyasının mənfi münasibət sərgilədiyini deyə bilərik. Ona görə yox ki, “Media haqqında” qanunda problemlər var. Ona görə ki, Venesiya Komissiyasının rəylərində indiyə qədər Azərbaycanla bağlı heç vaxt kiçik də olsa müsbət qeydlərə yer verilməyib və bu, reallığın qiymətləndirilməsi yox, Azərbaycana qarşı şəbəkələrin sifarişinə əsaslanıb.

Komissiyanın rəyinə baxdıqdan sonra da bu fikir dəyişmir.

“Media haqqında” qanunun qəbul olunmasından aylar keçir və Venesiya Komissiyası “rəy”ni indi bildirir. Əgər doğrudan da Komissiyanın məqsədi Azərbaycanda medianın fəaliyyətini tənzimləyən qanunun mükəmməlliyi olsaydı, “iradlarını” vaxtında bildirər və bunun nəzərə alınmasına çalışardı. Qanunun qəbulundan sonra verilən “rəy” Azərbaycanın mənfi imicinin formalaşdırılması siyasətinin tərkib hissəsidir və illərdir aparılan bu siyasətin arxasında da həmin anti-Azərbaycan şəbəkəsi dayanır.

Bununla yanaşı, Komissiyanın “rəy”ində iddia olunan məsələlər “Media haqqında” qanunun qəbul olunmasından öncə ictimai müzakirəyə çıxarılıb və geniş müzakirə nəticəsində ortaq məxrəcə əsasən qanun qəbul olunub. Yəni, Komissiyanın “rəyçiləri”nin özlərini xoşbilmiş kimi göstərmək istədikləri aydın görünür.

“Media haqqında” qanunun qəbul olunmasından öncə aparılan ictimai müzakirələr uzaq tarix deyil. Cəmi bir neçə ay öncə ölkənin əsas gündəmindən biri bu qanun idi və irəli sürülən iradlar nəzərə alındı, təkliflər qəbul olundu. Nəticə etibarilə, bu qanun ictimai konsensusla qəbul olunub və Venesiya Komissiyasının “rəy”i “arxadan atılan daşın topuğa” dəyməsindən başqa bir şey deyil.

İctimai konsensusla qəbul olunan “Media haqqında” qanunun mütərəqqiliyini təkcə Azərbaycandakı jurnalist-ekspert cameəsi yox, beynəlxalq mütəxəssislər də təsdiqləyirlər. Xüsusilə qanunda medianın fəaliyyətinə və inkişafına şəraitin yaradılmasına hesablanan müddəalar yüksək qiymətləndirilir. Bu qanunun qəbulunda məqsəd də məhz Azərbaycan mediasının dünyanın yeni çağırışlarına uyğunlaşması, peşəkar fəaliyyətin stimullaşdırılması kimi mütərəqqi istiqamətlərdir.

Qanunun qəbulundan öncə Azərbaycanın media cameəsinin rəyinin alındığı kimi, avropalı media ekspertlərinin də rəyi öyrənilib, təklif və iradlar nəzərə alınıb.

Venesiya Komissiyası çox gec “ayılıb” və artıq ictimai süzgəcdən keçirilən, ictimai konsensusla qəbul olunan və Avropa media cameəsi tərəfindən də müsbət qarşılanan qanunun qəbulundan sonra “rəy” verib.

Aydındır ki, Komissiyanın məqsədi “nəyisə düzəltmək” yox, Azərbaycan haqqında mənfi imicin yaradılması, “söz azadlığı pozulur” kimi klassik ittihamlara əsasın formalaşdırılmasıdır. Komissiyanın müzakirəni Azərbaycana qarşı qərəzli olan “seçilmiş qruplar”la aparması, yalnız onların iddialarına istinad edilməsi və nə qanunu hazırlayanların, nə də qanun layihəsinin ictimai müzakirələrində iştirak edənlərin fikirlərinin öyrənilməməsi də təsdiq edir ki, bu, “rəy” obyektivlikdən uzaq və qərəzlidir.

Obyektivlikdən danışan Venesiya Komissiyası ilk addımda öz “qapısına qol vurdu” və illərdir Azərbaycana qarşı sərgilədiyi qərəzi yenə gizlədə bilmədi.

Vasif Həsənli “Demokrat.az” xəbər portalının baş redaktoru

D
demokrat.az