Azərbaycan növbəti dəfə mühüm beynəlxalq tədbirə - Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə düzənlənən “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumuna ev sahibliyi edir. Dünyanın tanınmış siyasi isimlərinin qatıldığı Forumda, bütövlükdə 50-dən çox ölkənin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak edir.
Tədbirin gündəliyinə, iştirakçıların nüfuz dairəsinə diqqət etsək, Bakı Forumunun indiyə qədər dünyada ənənəvi olaraq keçirilən belə tədbirləri üstələdiyini, ölkəmizdə təşkil olunan müzakirələrin daha aktual mövzulara həsr edildiyini görərik. Məsələn, bu formatda beynəlxalq toplantılara nümunə kimi Davos İqtisadi Forumunu və Münhen Təhlikəsizlik Konfransını göstərmək mümkündür. Fəqət hər iki beynəlxalq platforma Bakı Forumu ilə müqayisədə mövzu baxımından daha dar çərçivəni əhatə edir. Davosun iqtisadi, Münhenin isə təhlükəsizlik məsələlərini əhatə etməsini nəzərə alsaq, Bakı Qlobal Forumunun daha əhatəli olduğunu, siyasi, qlobal və universal xarakter daşıdığını, hazırda dünyada gündəmdə olan siyasi, iqtisadi, humanitar və digər məsələlərin müzakirə edildiyinin şahidi oluruq.
Belə ki, iyunun 18-dək davam edəcək Bakı Forumunda
- qlobal dünya nizamını təhdid edən mühüm problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, - enerji təhlükəsizliyinə yaranan təhdidlərin həlli yolları, - həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, - qloballaşan dünyada artan ədalətsizliklər, - yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası
kimi mühüm, bütün dünyanı narahat edən ən aktual mövzularda səmərəli, fəal müzakirələr aparılacaq və problemlərdən çıxış yolları axtarılacaq. Dünyanın ayrı-ayrı ölkələrindən ali və yüksək səviyyəli nümayəndələrin, sabiq dövlət və hökumət başçılarının, Albaniya, Bolqarıstan, Gürcüstan və digər ölkələrin fəaliyyətdə olan rəhbərlərinin, beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçilərinin, eləcə də digər nüfuzlu qonaqların Forumda iştirak etməsi tədbirin əhəmiyyətini göz önünə sərgiləyən digər önəmli faktdır. Bura Ümumdünya Səhiyyə Təşkilatının, Ərəb Dövlətləri Liqasının və s. nüfuzli qurumların rəhbərlərinin iştirakını, Britaniya, İtaliya, Latviya və digər ölkələrin rəhbərlərinin müraciətlərini də əlavə etsək, Bakı Forumuna dünyada olan maraq, bu Forumun önəmi ilə bağlı əlavə fikrə ehtiyac qalmır.
Beləliklə, Bakı Forumu - dünya ictimaiyyətinin gündəliyində olan təxirəsalınmaz məsələlərin müzakirə edildiyi nadir, fəal beynəlxalq platforma kimi böyük rol və nüfuz qazanıb. - Dünya siyasətində xüsusi çəkisi olan bir kontingentin toplaşdığı Bakı Forumuna azalmayan diqqət, həm Azərbaycana olan maraqdan, həm də Prezident İlham Əliyevin nüfuzuna göstərilən sayğıdan qaynaqlanır.
Bu uğurlu platformanın Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında rolu isə danılmazdır. Nüfuzlu liderlərin Azərbaycanda olması, onların ölkəmizlə bağlı həqiqətlərlə yerində tanışlığı olduqca önəmlidir. Xüsusilə, postmüharibə dövründə aparılan sülh danışıqları ilə bağlı mövcud reallığın, regionda və dünyada baş verən mühüm proseslərə dair Azərbaycanın mövqeyinin daha effektiv şəkildə beynəlxalq ictimaiyyətə çatdırılması baxımından Bakı Forumu əvəzsiz rola malikdir. Prezident İlham Əliyev bu nüfuzlu tribunadan yararlanaraq, öz çıxışında üçtərəfli bəyanatın müddəalarının yerinə yetirilməsi zəruriliyini, o cümlədən Zəngəzur dəhlizinin açılması ilə bağlı tələbin yerinə yetirilməsinin sülh və sabitliyin təmin olunmasının təməl sütunu olmasını, bu tələblər icra olunmadığı təqdirdə digər məsələlərin öz həllini tapmayacağı barədə dolğun informasiyaları və ölkəmizin mövqeyini bir daha bütün dünyaya çatdırdı.
Azərbaycan Prezidenti bir yandan ölkəmizin sabit, dayanıqlı və inkişaf regionu yaratmaq istəyini, Qarabağ münaqişəsinin həllinin buna unikal imkan yaratması ilə bağlı mövqeyini ortaya qoydu, digər yandan isə status məsələsinin artıq tarixdə qaldığı, müzakirə mövzusu olmadığı, müharibədən sonra heç bir sənəddə bu ifadənin və ona işarə edən müddəanın əksini tapmamasını, həmçinin Ermənistan Azərbaycana qarşı ərazi iddialarını davam etdirəcəksə, ölkəmizin də Ermənistanın ərazi bütövlüyünü şübhə altına almağa tam əsası olacağını, bunun üçün siyasi, tarixi, hüquqi və digər əsaslar olduğu barədə tutarlı və tarixi arqumentləri nəzərə çatdırdı. Bu, mötəbər tədbir iştirakçılarının məlumatlandırılması ilə yanaşı, Ermənistana, postmünaqişə dövründə sülh müqaviləsinin imzalanmasında maraqlı olan tərəflərə verilən mühüm mesajlardır.
Ümumiləşdirsək, Forumun mühüm əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanla bağlı gerçəklərin dünyaya yayılması imkanları genişlənir. Forum dünyanın aparıcı beyin mərkəzlərini, nüfuzlu isimləri, müxtəlif ölkələrin sabiq prezidentlərini, baş nazirləri, yüksək vəzifəli şəxsləri, tanınmış ictimai-siyasi xadimləri, diplomatları, politoloqları birləşdirən bir platforma kimi Azərbaycanın gördüyü işlərin beynəlxalq miqyasda təbliği baxımından müstəsna rola malikdir, Azərbaycan həqiqətlərinin dünyada yayılmasına, münaqişədən sonra yürüdülən informasiya siyasətinə mühüm töhfə olduğu şübhəsizdir.
Elman Babayev Əməkdar jurnalist


