“Ölkəmizdə ərzaq məhsullarındakı bahalaşmanın bir müddət davam edəcək”.
Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı Nazim Bəydəmirli deyib. İqtisadçı vurğulayıb ki, məhsulların əksəriyyəti ölkəmizə başqa ölkələrdən idxal olunur:
“Bildiyimiz kimi, bahalaşan məhsulların bir hissəsi Ukraynadan gəlirdi. Son vaxtlar logistik problemlərin müşahidə olunması, Rusiyanın Ukraynada apardığı işğalçılıq siyasəti, həmçinin daxildəki valyuta siyasəti qiymət artımına səbəb olan başlıca amillərdəndir.

Artıma səbəb olan digər amillərdən biri də təəssüf ki, Rusiyadan gələn müxtəlif məhsullara, əsasən də keçən ilin əvvəlindən taxıl və buğdaya, bitki yağlarına və digər məhsullara icazənin tələb olunması ilə bağlıdır”.
Ekspertin fikrincə, ərzaq məhsullarındakı bahalaşmanın əsas səbəbi Rusiya-Ukrayna müharibəsi ilə bağlıdır:
“Azərbaycanın daxilində bahalaşmanın digər səbəbi hökumətin apardığı tarif siyasəti, o cümlədən də gömrük orqanlarının bəyannamə qiymətini artırmasıdır. Bir sözlə, qiymət xarici bazarda olduğu kimi daxili bazarda da artıb”.
Aynurə Pənahqızı Demokrat.az


