“Gənclər arasında narkomaniyaya meyilliliyin qarşısının alınması istiqamətində tədbirlər gücləndirilməlidir”.
Bunu Demokrat.az-a açıqlamasında narkomaniya üzrə ekspert Emil Maqalov deyib. Onun sözlərinə görə, son illər narkotik vasitələrdən istifadənin artması bu sahədə görülən tədbirlərin hələ də yetərli olmadığını göstərir:
"Narkomaniyaya qurşanan insanlar arasında sosial qruplar çoxluq təşkil edir. Narkotik istifadəçilərinin böyük hissəsinin savadlılıq səviyyəsinin aşağı olduğu müşahidə edilir. Bu baxımdan, narkomaniyaya qarşı tədbirləri təkcə fəal gənclər arasında deyil, eyni zamanda intellektual səviyyəsi aşağı olan şəxslərlə də aparmaq lazımdır. Narkomaniya ilə əlaqədar bütün aidiyyatı qurumların fəaliyyəti artırılmalı, narkotik vasitələrin istifadə edilməsi və satışına qarşı tətbiq olunan cəzalar sərtləşdirilməlidir".
Ekspert qeyd edib ki, son vaxtlar narkotiklərin istifadəsi asanlaşıb:
“İndiki narkotikləri istifadə etmək üçün artıq heç nə lazım deyil. Ona görə də yayılma surəti artır”.
Müsahibimiz əlavə edib ki, ölkəmizdə narkotik müalicə müəssisələrinin ciddi nəzarətinə ehtiyac var:
“Bu gün bir çox narkotik müalicə müəssisələrinin vəziyyəti acınacaqlıdır. Orada növbələr həddindən artıq çoxdur. Ümumiyyətlə, yer tap çətindir və ən əsası realibitasiya mərkəzimiz yoxdur. Daha dəqiq desək, ancaq özəldir.Bir faktı da qeyd edim ki, insanlar narkotikdən müalicə olunduqdan sonra realibitasiya olunmur. Məhz bu səbəbdən də yenidən narkotik istifadə edirlər. Arzu edirəm ki, gənclər bu bəlanın fərqinə varsın və nə qədər təhlükəli olduğunu anlasınlar. Bir nəfərin narkotik istifadəçisi olması özü ilə bərabər 15 nəfərin də həmin bəlaya düçar olmasına gətirib çıxara bilər. Çünki o, narkotik əldə etmək üçün lazım olan vəsaiti tapmağa görə ətrafını genişləndirir".
Aynurə Pənahqızı Demokrat.az


