Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və onun rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb. Göründüyü kimi, növbəti Brüssel görüşündən sonra Rusiya tərəfi yenidən narahatlığını ifadə edib.
Rusiyanın bu məsələdə ehtiyatlandığını ifadə edən politoloq İlqar Vəlizadə Demokrat.az-a açıqlamasında əlavə edib ki, onun ehtiyatlanmasının əsas səbəbi Brüssel görüşündən onun marağına uyğun olmayan addımların atılmasıdır. Ona görə də, tez-tez nazirlər vasitəsilə əlaqələr saxlayır:
“Amma, iş orasındadır ki, Brüsseldə bir çox məsələlərlə bağlı qəbul olunmuş qərarlar var. Bu və ya digər şəkildə tərəflər də bir yerdə Rusiya ilə müzakirələr aparırlar, çünki Rusiya tərəfi bir çox məsələlərin həllində müəyyən rol oynayır. Misal üçün, Rusiyanın iştirakı ilə kommunikasiyaların açılması məsələsində üçtərəfli komissiya var və orada Rusiya müəyyən rol oynayır. Ona görə də, tərəflər Rusiyanı xəbərdar edirlər ki, filan addımlar atılmalıdır, yaxud da biz filan şeyi qərara almışıq. Amma, o şərtlə ki, Rusiya da bunu qəbul etsin. Çünki komissiyanın işində də Rusiya tərəfi iştirak edir və burada ziddiyyətlərin minimuma endirilməsi üçün belə kontaktlar, danışıqlar olmalıdır”.
Politoloq əlavə edib ki, bu, heç də o demək deyil ki, Rusiyanın diqtəsi ilə hansısa proseslər gedir:
“Yəni, daha çox burada tərəflər öz mövqelərini uyğunlaşdırırlar bir-birilə ki, sonradan ziddiyyətlər əmələ gəlməsin. Son nəticə etibarilə məsələlərin həllində müəyyən inkişaf olsun. Açıq deyək ki, bu gün Moskva ilə Brüssel arasında yarışma var. Ancaq hər halda Azərbaycanın mövqeyi bundan ibarətdir ki, Azərbaycanın istədiklərinə o yarışma belə maneə olmamalıdır. Azərbaycanın istəyi odur ki, kommunikasiyalar açılsın, delimitasiya prosesi getsin və nəticə versin. Həmçinin, Azərbaycanın Qazax və Naxçıvan istiqamətində olan kəndləri də geri qaytarılsın. Bunun Brüssel vasitəsilə, ya da Moskva vasitəsilə edilməsinin bizim üçün böyük fərqi yoxdur. Əsas sonda hər hansısa bir nəticənin olması bizim üçün son dərəcədə önəmlidir”.
İ.Vəlizadə sonda müəyyən nəticələrin olacağına inandığını bildirib:
“Məncə, müəyyən nəticələr olacaq, çünki ortalıqda Azərbaycanın mövqeyi var. Biz daha çox Rusiyanın, Brüsselin məsələyə münasibətini deyirik. Amma, danışıqlarda əsas aparıcı tərəflər Azərbaycanla Ermənistandır. Azərbaycanın mövqeyindən əslində bir çox şey asılıdır. Çünki reallıqları Azərbaycan müəyyən edib. Bu, post-münaqişə dövrünün reallıqlarıdır. Eyni zamanda, Brüsseli də, Moskvanı da inandırır ki, sərhədlər olduğu kimi müəyyən olunmalıdır. Xəritədə necə bu müəyyən olunubsa, reallıqda da bu olmalıdır. Əgər Moskva və Brüssel bununla razıdırlarsa, Azərbaycan da Ermənistanı məcbur edib,bununla razılaşdırmalıdır. Ümumiyyətlə, hazırda bBu istiqamətdə işlər gedir. Problem ola bilər ki, Ermənistan bunu da uzatsın. Amma biz bunu istəmirik. Ona görə də, görüşlər ardıcıl gedir və növbəti görüş iyulda planlaşdırılır. Yəni, bu görüşlər nəyə görə lazımdır? Ona görə ki, biz Ermənistanı Brüsselin qabağında qoyaq və məcbur etdirək ki, bu istiqamətdə konkret addımlar atsın”.
Aynurə Pənahqızı Demokrat.az


