“Bildiyimiz kimi, Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında Bakı Bəyannaməsi imzalandı. Təbii ki, bu sənəd bütün ölkələr arasında strateji əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verəcək”.
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib. Deputat qeyd edib ki, bundan sonra həmin ölkələr arasında qarşılıqlı əlaqələrin inkişafı daha da sıx olacaq:
“Təbii ki, burada təmsil olunan bütün dövlətlər tarixi və mədəni əlaqələrini ortaya qoymalı və qarşılıqlı hörmət olmalıdır. Millətlər arasında mövcud əlaqələrin daha da dərinləşməsi ölkələrin parlamentar dialoq və əməkdaşlığın gücləndirilməsi məsələsini ortaya qoyur. Yəni, parlament diplomatiyası bu proseslərdə çox mühüm əhəmiyyət kəsb edir. Artıq bu dövlətlər arasında strateji əhəmiyyət xüsusi vurğulanmalıdır. Çünki, bunlar strateji əhəmiyyət kəsb edən qarşılıqlı münasibətlərdən çıxış edə bilərlər. Təbii ki, ərazi bütövlüyü, suverenlik, terrorun, təhdidin qarşısının alınması, kiberhücumlar, müharibələr, yəni cəmiyyətin sülh içində bir yerdə yaşamasına təsir göstərən amillər mütləq şəkildə burada müzakirə obyektidir. Bundan başqa, beynəlxalq hüquq prinsipləri, normaları, yəni ərazi bütövlüyünə hörmət hər bir beynəlxalq qanunlar çərçivəsində üzərinə götürülən əsas öhdəliklərdir”.
Deputatın sözlərinə görə, istər iqtisadi, istər siyasi, istər hərbi, istərsə də mədəni-mənəvi bütün istiqamətlərdə konstruktiv dialoqların aparılması, müəyyən bir platformaların yaradılması xalqların yaxınlaşması üçün əsas məsələdir:
“Bundan başqa, ərazilərimizin minalardan təmizlənməsi üçün beynəlxalq qüvvələrin səyləri də mütləq şəkildə lazımdır. Çünki əsas məram məhz böyük köçün əldə edilməsi, bu istiqamətdə də hər bir dövlətin yaxından kömək etməsi, investisiyaların qoyulması, sərmayələrin yatırılması çox mühümdür. Düşünürəm ki, bu çox ciddi sənəd olacaq. Azərbaycan dövləti olaraq biz bütün İslam Əməkdaşlıq Təşkilatında təmsil olunan dövlətlərin ərazi bütövlüyünü qorunması istiqamətində bütün sazişlərə qoşulmağa hazırıq və bu istiqamətdə də öz töhfəmizi verəcəyik”.
Aynurə Pənahqızı Demokrat.az


