Gündəm Özəl

Politoloq: “Türkiyə yeni dünya nizamında önəmli aktor olacaq”

Politoloq: “Türkiyə yeni dünya nizamında önəmli aktor olacaq”

“Rusiya-NATO qarşıdurmasında Türkiyə önəmli bir mövqeyə malikdir”.

Bunu Demokrat.az-a açıqlamasında politoloq Elman Vəliyev deyib. Politoloq hesab edir ki, yaxın müddətdə dünya təkqütblülük uğrunda mübarizənin şahidi olacaq:

“Təbii ki, bu yeni sistemdə Çinin rolu olduqca güclüdür. Çin və Türkiyə əlaqələri artan xətt üzrə getməkdədir. Rusiyanın Ukraynada zəiflədilməsi Türkiyəyə Suriyada və ətraf bölgədə əl-qolunu genişləndirmək imkanını qazandırıb. Həmçinin, Şimali İraq Kürd Muxtariyyəti ilə aparılan danışıqlar İraqın şimalında terrorizmə qarşı mübarizə daha da gücləndirdi”.

Onun sözlərinə görə, Türkiyə son zamanlarda hərbi gücünü ikiqat artırıb:

Politoloq: “Türkiyə yeni dünya nizamında önəmli aktor olacaq”

“Türkiyə artıq Balkanlarda, Afrikada, Orta Şərqdə, Cənubi Qafqazda, hətta müəyyən qədər Avropada da öz yerini alıb. Yaxın gələcəkdə Türkiyənin öndə gedən bir siyasi, hərbi güc olacağını görə bilərik. Yeni dünya nizamı tam formalaşsa, Türkiyə bu sistemdə önəmli bir aktor olacaq”.

“Cənubi Qafqaz dövləti olan Ermənistan da artıq Türkiyə ilə konstruktiv diplomatiya yoluna qədəm qoyub. İki tərəf arasında bir neçə dəfə görüşün keçirilməsi,o cümlədən Vyanada baş tutmuş görüşdə tərəflər ilkin şərtlər olmadan danışıqların aparılmasına razılıq verdilər. Fikrimcə, Ermənistan həm Azərbaycanla, həm də Türkiyə ilə sərhəd məsələlərini(delimitasiya) yenidən həll edəcək. Bilirsiniz ki, Ermənistan tərəfi Türkiyə mallarına tətbiq etdiyi embarqoları aradan qaldırıb. Qeyd edim ki, iki tərəf arasında dəmir yolu Akyaka sərhədində, avtomobil yolu da Alican sərhədindədir və bu yollar 1993-cü ildən bəri bağlıdır. Türkiyə bu sərhədlərin açılması üçün Ermənistan qarşısında Qars müqaviləsinin tanımasına dair şərt qoyub. Heç şübhəsiz ki, Ermənistan tərəfi Azərbaycanla delimitasiya problemlərini həll etdikdən sonra, Türkiyə ilə də bu problemləri həl edə bilər. Əgər Ermənistan tərəfi bu gün Türkiyə ilə sərhədlərin açılması məsələsini diskussiya edirsə, deməli Türkiyənin şərtlərini qəbul etməyi də gözə alıb”.

Türkiyənin Ermənistanı yumşaq güclə öz tərəfinə çəkməyə çalışdığını qeyd edən politoloq əlavə edib ki, bu Ermənistan üçün uçurumdan çıxış yoludur:

“Lakin Ermənistanın Türkiyə ilə yaxınlaşması İranı narahat edir. İran ehtiyat edir ki, iki qonşu diplomatik münasibətləri gücləndirsə, İran regionun enerji ehtiyatlarından təcrid oluna bilər”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az