Ölkədə "Təzə doğulan körpə atıldı", “Ana azyaşlı körpəsini atdı” başlıqlı xəbərlərə tez-tez rast gəlirik. Kimisi yeni doğulan körpəni küçəyə, kimisi xəstəxanın həyətinə, kimisi zibilliyə, kimisi isə yol qırağına atır. Bu cür halların olmaması üçün nə etməliyik? Bioloji ana olub, lakin mənəvi analıq etməkdən imtina edənləri bu yoldan necə döndərə bilərik? Belə hallar niyə son zamanlar cəmiyyətimizdə çoxalıb?
Hüquq müdafiəçisi Novella Cəfəroğlu Demokrat.az-a açıqlamasında bildirib ki, cəmiyyətdə bu halların qarşısını almaq çox çətindir. O hesab edir ki, bu məsələdə yalnız qadınları günahlandırmaq düzgün deyil: “Bu məsələdə cəmiyyət olaraq hamımızın günahı var. Son zamanlar bu kimi halların cəmiyyətimizdə çoxalması çox təəssüfedicidir. Amma bu məsələdə tək qadının yox, həmin qadını o yola sürükləyən kişinin də günahı böyükdür. Bundan başqa, hər kəs qadının hamilə olduğu dönəmləri görür. Yəni yaxınları, qohumu, əqrəbası, qonşusu qarnı-burnuna çatanda bunu görür. Niyə vaxtında bu məsələyə göz yumurlar? Niyə bunun vaxtında qarşısını almırlar?”.
“Ümumiyyətlə, bu gün Azərbaycanda tərbiyəsizlik baş alıb gedir. 15-16 yaşında olan qızlarımız olmayan hərəkətlər edirlər, elə həmçinin oğlanlar da. Bu gün bu məsələlərin geniş yayılmasında televiziyaların, saytların, qəzetlərin də böyük günahı var. Çünki bu gün ailə dəyərlərinə ciddi fikir vermirlər, bu cür məsələləri geniş işıqlandırmırlar”.
Hüquqşünas hesab edir ki, televiziyalarda ailə dəyərlərinə həsr olunan verilişlərin nümayiş olunmasına çox ehtiyac var:
“Bu gün kim istəyir körpəsini ora-bura atır. Belə deyək ki, Allah ümidinə qoyub gedirlər. Bunların zamanında qarşısı alınmalıdır ki, sonradan bu problemlər ortaya çıxmasın. Ümumiyyətlə, belə qadınlara hansı cəzanı vermək olar ki?! Onsuz da uşağını atan xanımın cəzası Allah tərəfindən ölənə kimi veriləcək, ömrünün axırına kimi uşağının fikrini çəkəcək. Bunu edən hansı qadın olur-olsun, istərsə də əxlaqsız qadın olsun, cəzasını ömür boyu çəkəcək. Tutaq ki, onu həbsxanaya atmaqla nə dəyişəcək ki? Çıxandan sonra bundan da betər olacaq. Ona görə, hesab edirəm ki, bunların hamısı profilaktik yollarla həll oluna bilər, cəmiyyətimiz bu sahədə maarifləndirilməlidir. Milli dəyərlərimizi ortalığa qoymalıyıq ki, belə şeylər yaşanmasın. Bizim də günahımız var ki, belə şeylərə göz yumuruq”.
Aynurə Pənahqızı Demokrat.az


