“Son illər ölkəmizdə müasir standartlara tam cavab verən, bir-birindən yaraşıqlı, modern məktəb binaları inşa edilir, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, pedaqoji işçilərin maddi-məişət şəraitləri yaxşılaşdırılır”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. Deputat vurğulayıb ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi hər iki tarixi dönəmdə təhsilin hərtərəfli inkişafına böyük önəm verirdi:
“Sevindirici haldır ki, dahi şəxsiyyətin bu mühüm, taleyüklü sahədəki müdrik siyasəti onun ən layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən yeni dövrün reallıqlarına uyğun olaraq davam və inkişaf etdirilir. Bu məqamda sadəcə bir parlaq faktı qeyd etmək istərdim. Son illərə Azərbaycanda dövlətin və Heydər Əliyev Fondunun xətti ilə üç mindən çox məktəb binası tikilib və əsaslı təmir olunub. Ümumiyyətlə, Cənab Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva daim təhsilə və təhsilin infrastrukturunun formalaşdırılmasına böyük diqqət və qayğı göstərirlər. Qeyd edim ki, ölkəmizdə təhsil sahəsinə dünyanın qabaqcıl ölkələrinin bu sahədəki yenilikləri, təcrübələri tətbiq olunur. Bununla da, gənclərimiz, yeniyetmələrimiz dünya bilik olimpiadalarında uğurla iştirak edirlər və yüksək yerlərə sahib olurlar. Bu da təbii ki, bizim ən böyük uğurlarımızdandır. Ümumiyyətlə, bu sahə dövlət siyasətinin çox vacib tərkib hissələrindən biridir. Demək olar ki, hər il biz ölkəmizdə neçə-neçə məktəb binalarının açılışının şahid oluruq, ən ucqar kəndlərdə belə böyük standartlara uyğun məktəblərin inşasını görürük”.

Deputatın sözlərinə görə, bu gün Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifələrindən biri gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsidir:
“Bu sahədə təhsilin, ölkəmizin fədakar müəllim ordusunun rolu böyükdür.Azərbaycan məktəbi çalışır ki, gənclərimiz xalqımızın millli-mənəvi, əxlaqi dəyərlərinə sədaqət ruhunda tərbiyə alaraq böyüsünlər. Çünki Vətənimizin, müstəqil Azərbaycanın gələcəyi bugünkü gənc nəslin düzgün təlim-tərbiyəsindən asılıdır. Gənclərimizin qarşısında dövlətimizi, xalqımızı daha da irəli aparmaq, Azərbaycanın istiqlal və istiqbalını gücləndirmək kimi şərəfli vəzifələr dayanır.Təbii ki, gənc nəslin hərtərəfli böyüməsində və inkişaf etdirilməsində təhsilin, əsasən də keyfiyyətli biliyin alınması çox önəmlidir. Bilirik ki, bu sahə hər zaman dövlət başçımızın xüsusi diqqətindədir. Bura biz Heydər Əliyev Fondunu da mütləq qeyd etməliyik. Qeyd edim ki, Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu humanitar sahəyə, əsasən də təhsil sahəsinə çox böyük diqqət göstərir. Neçə-neçə ölkəmizdə məktəblərin, bağçaların tikintisini, onların təmir olunmasını Heydər Əliyev Fondu öz üzərinə götürüb. Bugün biz əminliklə söyləyə bilərik ki, ölkəmizdə təhsil sahəsinin əsaslı şəkildə bərpası və yenidən qurulması dövlət siyasətinin tərkib hissələrindəndir. Bu gün hər bir Azərbaycan gənci savadlı, vətənpərvər olmalıdır. Çünki yaxşı, keyfiyyətli təhsil almaqla onlar ölkəmizin hərtərəfli inkişafında öz töhfələrini vermiş olacaqlar”.
Aynurə Pənahqızı Demokrat.az


