Gündəm Özəl

“Bu rəqəmlərlə insanları çaşdırmaq olmaz” — QMİ-nin “15 manatlıq fitrə” açıqlamasına REAKSİYA

“Bu rəqəmlərlə insanları çaşdırmaq olmaz” — QMİ-nin “15 manatlıq fitrə” açıqlamasına REAKSİYA

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının üzvü və QMİ sədrinin müavini Fuad Nurullayev jurnalistlərə açıqlamasında deyib ki, Ramazan bayramında ailədə hər bir fərdə görə 10-15 manat civarında fitrə çıxarılmalıdır. Onun sözlərinə görə, fitrənin pul şəklində çıxarılması daha məqəsədəuyğundur: "Pul şəklində fitrə çıxarmanın özəlliyi odur ki, ehtiyacı olan kəslər həmin məbləği məhz ehtiyaca uyğun şəkildə xərcləyə bilirlər”.

Məsələyə münasibət bildirən ilahiyyatçı Elşad Miri Demokrat.az-a açıqlamasında bildirib ki, bu, doğru yanaşma deyil. Onun sözlərinə görə məsələyə daha geniş prizmadan baxmaq lazımdır:

“Mən bu məbləği düzgün hesab etmirəm. Əslində, məsələyə daha geniş prizmadan baxmaq lazımdır. Bu cür rəqəmləri söyləməklə insanları çaşdırmaq olmaz. İkincisi, bu fitrə sədəqəsini nəyə görə müəyyənləşdiriblər? Onlara bu rəqəmi verməyə kim ixtiyar verib? Belə bir səlahiyyətiniz varmı? İnsanları niyə çaşdırırsınız, daha doğrusu niyə aldadırsınız? Əvvəllər buğda və arpa məsələsi var idi, yəni onların kiloları sayılıb deyilirdi. Amma, bu, doğru yanaşma deyil. Çünki həmin dövrün ənənəsindən çıxmağı bacarmalısınız! Həmin dövrdə buğda, arpadan müəyyən məhsullar əldə edilirdi və qida rasionuna daxil edilirdi. Bu gün bundan insanlar nə edəcəklər?

“Bu rəqəmlərlə insanları çaşdırmaq olmaz” — QMİ-nin “15 manatlıq fitrə” açıqlamasına REAKSİYA

Siz aparıb, bunu kiməsə verməklə, o insanlar bayram keçirdəcəklər? Yoxsa, üzr istəyirəm, toyuqlarına dən olaraqmı istifadə edəcəklər? Məsələyə daha geniş baxmaq lazımdır. Bəziləri məsələyə literal yanaşırlar. Konkret olaraq, peyğəmbərin dövründə bunlar verilibsə, biz də verməliyik deyirlər. Yəni, mənim yanaşmam odur ki, bunu insanlar özü öz həyat tərzinə görə uyğunlaşdırmalıdır. Məsələn bu gün 15 manatla bir insan bayram keçirə bilirmi? Deyirlər ki, bir gündə iki dəfə yemək nəzərə alınmalıdır. Niyə? Sən gündə iki dəfə yemək yeyirsən? Üç dəfə yediyini nəzərə alsan, olmazmı? Qurani Kərimin “Maidə“ surəsinin 5/89 ayəsimə baxanda orada ailənizim orta dəyərinin hesablanması nəzərdə tutulub. Yəni, bu gün bir insan 5 ulduzlu otellərdə qidalanırsa, yeməyini orada yeyirsə, bu öz fitrə sədəqəsini ona uyğun verməli, digəri isə imkanı nəyə çatırsa, onla müəyyənləşdirib verməlidir. Bunları nəzərə almaq lazımdır. Əslində, bu, bir yardımlaşmadır“.

“Gəlin digər bayramlara baxaq. Əgər yeni il şənliyində nəsə alıb partladırsınızsa, yaxud da Novruz bayramında nəsə döyüşdürürsünüzsə, İslamda mövcud olan Qurban və Ramazan bayramlarında insanlar başqaları ilə bölüşməli, paylaşmalıdır. Yəni, bu bayramların adət-ənənəsi, rəmzi mənası faktiki olaraq, insanların birgəliyi, birlikdə olması, bölüşməsidir. Yəni, Ramazanda da başqalarına yardım çıxarmalısan. Yaxşı olar ki, imkanın varsa daha artıq bol ver, buna heç kim heç nə deyə bilməz. Çünki sən öz imkanını hər kəsdən yaxşı bilirsən. Amma müəyyən rəqəm müəyyənləşdirib və bunu da hər kəsin verməli olduğunu demək sual altınada olan bir məsələdir. Ümumiyyətlə, fitrə sədəqəsini konkret olaraq bayramdan əvvəl verməliyik ki, digər müsəlman qardaş-bacılarımız, hətta müsəlman olmayan bacı-qardaşlarımız da bayramı qeyd edə bilsin,“- deyə ilahiyyatçı bildirib.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az