Xəbər verdiyimiz kimi, dünən Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə Azərbaycanın milli rəqəmsal media təhlili platforması - “Metrix.az” layihəsinin təqdimatı keçirilib.
“Metrix” təhlil platforması 50-dən çox yerli informasiya veb-saytı və keçirilən sorğular vasitəsilə ölkədə ən çox oxunan xəbərləri, günün trendlərini və müxtəlif digər statistik məlumatları özündə ehtiva edir. Milli sayğac vasitəsilə veb-saytların reytinqinin müəyyənləşdirilməsi biznes strukturları üçün etibarlı data-baza formalaşdıracaq.
Məsələ ilə bağlı Demokrat.az “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev fikirlərini öyrənib. Ekspert bildirib ki, son dövrlərdə sosial şəbəkələrdə, sosial resurslarda, onlayn resurslarda gedən proseslər bu və ya digər formada onların tənzimlənməsi məsələsini önə çəkirdi:

“Təbii ki, bu tənzimlənmə əsasən feyklərlə, kiberhücumlarla, məsuliyyətsizliklə bağlıdır. Azərbaycanda saxta apilərlə mübarizə resursunu da bu kontekstdə qiymətləndirirəm. Amma, bir sual həmişə ortada qalır ki, saxta ilə mübarizə üçün yaradılmış strukturlar, yaradılmış bu cür layihələr bir sıra hallarda gerçəklərə qarşı mübarizə üçün də istifadə olunur. Bu, çox təhlükəli bir şeydir. Ona görə də, bu proses tam açıq şəkildə və qanunauyğun tərzdə aparılmalıdır. Həmin onlayn resursların fəaliyyətinə nəzarət etmək lazımdır, çünki istənilən halda bundan sui-istifadə çox ağır nəticələr verə bilər. Bundan sui-istifadə hallarına biz Avropada, xüsusilə də, keçmiş postsovet ölkələrində və Asiya ölkələrində dəfələrlə şahid olmuşuq. Yəni, bu elə bir alətdir ki, xoş məqsədlərlə istifadə olunduğu kimi, çox pis niyyətlərlə də istifadə oluna bilər. Ona görə də, mənim o narazıçılığım qalır. Buna görə də, bu işin şəffaf şəkildə görülməsinin tərəfdarıyam”.
Ekspert vurğulayıb ki, son zamanlar kütləvi informasiya vasitələri və yaxud dairələr medianın saxta yollarla rəqəmləri şişirdərək, ondan reklam bazarında müdaxilə üçün istifadə edirdilər: “Təbii ki, hər şey şəffaf tərzdə olarsa, müsbət yeniliklər gözləmək olar. Əks halda çətin ki, müsbət nələrəsə nail olunsun. Ümumiyyətlə, təkcə mediada deyil, dövlət və informasiya təhlükəsizliyinə də xələl gətirmək üçün saxta yollarla şişirdilmiş rəqəmlərdən istifadə olunur. Təbii ki, bu yenilik onların qarşısını almaq üçün bir alət ola bilər. Bu məsələnin müsbət tərəfidir. Mənfi tərəfi isə budur ki, bundan kiminsə başını yarmaq üçün də istifadə etmək olar, bax bu da təhlükə olaraq qalır”.
Aynurə Pənahqızı Demokrat.az


