Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AzTV) kadr islahatları davam etdirilir.
Demokrat.az-ın əldə etdiyi məlumatda deyilir ki, QSC-nin sədr vəzifəsini icra edən Rövşən Məmmədov özünə yeni Aparat rəhbəri təyin edib.
Həmin şəxsin kimliyini də öyrənmişik. Bu Eldar Mahmudovun ən yaxın adamı, Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəis müavini, polkovnik İlqar Əliyevin işçisi olmuş Cabbar Quliyevdir.
Onun MTN-dən sonra iş yeri “Mədəniyyət” kanalı olub. Keçmiş AzTV sədri Arif Alışanovla yaxın münasibətləri onun bu posta gətirilməsinə səbəb olub. Lakin C.Quliyev bu kanalda müavin vəzifəsində cəmi bir il çalışıb. 2017-ci ildə o, İctimai Televiziyanın (İTV) İnformasiya və İctimai-Siyasi proqramlar üzrə direktor müavini vəzifəsinə təyin olunub.
Bəs kimdir Cabbar Quliyev?
1997-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitunu (indi AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) bitirib.
1997-2016-cı illərdə Milli Təhlükəsilik Nazirliyində çalışıb. Vəzifəsində yol verdiyi ciddi nöqsanlara görə 2016-cı ildə Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev tərəfindən işdən qovulub.
Əldə etdiyimiz məlumatda deyilir ki, o, “MTN işi”nə görə bir neçə dəfə məhkəmədə şahid qismində dindirilib.
Arif Alışanovun dövründə AzTV yüksək vəzifədə çalışmış birinin yenidən televiziyaya gətirilməsi heç də birmənalı qarşılanmayıb. Çünki AzTV-nin sədr vəzifəsini icra edən Rövşən Məmmədov böyük kadr islahatları həyata keçirib. Bir çox ölkədə AzTV-nin bürolarına rəhbərlik etmiş şəxslər işdən azad olunub. Televiziyanın özündə nisbətən yaşlı və passiv mövqedə olan işçilərin yerinə cavan kadrlar gətirilib.
Məsələ ilə bağlı Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi açıqlama verib. Açıqlamada Demokrat.az-ın yazdığı xəbərdolayısı ilə təsdiq edilib:
Açıqlamada qeyd olunur ki, "Mədət Quliyevin işdən qovduğu adama AzTV-də vəzifə verildi" başlıqlı yazı həqiqətə uyğun deyil:
"Əvvəla, artıq 6 ildir ki, Cabbar Quliyev Azərbaycan Televiziyasında müxtəlif vəzifələrdə çalışıb. Cabbar Quliyev hələ Arif Alışanovun rəhbərliyi dövründə Mədəniyyət kanalının direktor müavini təyin olunub. Hazırda isə aparat rəhbəri kimi fəaliyyətini davam etdirir. Deməli, informasiya olduqca boyatdır. Bəs, onda bu tipli yazılar nəyə xidmət edir? Əlbəttə, əsas məqsəd bəzi bədxahların müxtəlif formalarda təsirinə düşərək, AzTV-də gedən islahatların mahiyyətinə, televiziyada baş verən genişmiqyaslı yeniliklərə kölgə salmaqdır. Ümumiyyətlə, bir sıra media orqanları hələ də informasiyanı dəqiqləşdirmədən, kiçik və adi bir detalı şişirdilmiş şəkildə təqdim etməklə sifarişli yazıları "özünəməxsus tərzdə" auditoriyaya "ixrac edir".
Saytdakı bu böhtan xarakterli məlumat da eyni qəbildəndir. Görəsən, saytın cavabdeh şəxsi belə bir mövzunun əhəmiyyətlilik meyarını necə müəyyən edir?
Oxucu haqlı olaraq, bu cür bəsit yanaşmanı "rənglənmiş", qərəzli, neqativ çalarlarla zəngin təxəyyül məhsulu hesab edir. Görünən odur ki, "xəbəri" auditoriyaya hay-küylə sırımağa həvəslə cəhd olunub və bu da xoş niyyətdən xəbər vermir. Bütün bunları nəzərə alaraq mətbu orqanlar, xəbər saytları və ya informasiya agentliklərinə televiziya ilə bağlı məlumatları Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə yaratmaqla dəqiqləşdirmələrini tövsiyə edirik".



