“Rusiya sülhməramlıları onsuz da bölgəyə konkret iş görmək üçün gəlməyib”.
Bunu Demokrat.az-a hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.
Ekspert bildirib ki, sülhməramlıların gördüyü iş ancaq ermənilərlə “alkaş”lıq və əxlaqsızlıq etməkdir:
“Bilirik ki, ötən gün onlar ermənilərlə Kəlbəcərdəki Xudavəng məbədimizdə Pasxa mərasimləri keçirdilər. Yəni, onların gördüyü iş bu məbədə erməniləri aparıb-gətirmək, onlarla “alkaş”lıq və əxlaqsızlıq etməkdir. Ona görə də, nə qədər ki, Azərbaycan çox yumşaq mövqe nümayiş etdirəcək, adı “sülhməramlı” olan həmin hərbi kontingent də öz bildiyini edəcək”. 
Polkovnik hesab edir ki, Azərbaycan yumşaq siyasət sərgilədikcə, ermənilər öz həyasızlıqlarını nümayiş etdirəcəklər:
“Hesab edirəm ki, bunun günahının bir ucu da bizim özümüzdədir. Çünki biz özümüz bu məsələlərə çox yumşaq münasibət göstəririk. Düzdür, Azərbaycan Xarici İşlər Nazirliyi rəsmi şəkildə dəfələrlə Rusiya Müdafiə Nazirliyinə öz narazılığını bildirib. Amma bütün bunlara baxmayaraq, Rusiya Müdafiə Nazirliyi yenə də Azərbaycanın ərazilərini açıq şəkildə həm təhrif edir, həm də hörmətsizlik nümayiş etdirir. Görünən odur ki, Rusiya sülhməramlıları regiona başqa məqsədlər, niyyətlər üçün gəliblər. Onlar məqsədlərini artıq sübut ediblər və zaman-zaman da yadımıza salırlar ki, bunlar burada ermənilərin mənafeyinə xidmət etmək üçün fəaliyyət göstərirlər”.
Aynurə Pənahqızı Demokrat.az


