Müsahibə

Aslan İsmayılov: “Bu gün vəkilliklə bağlı bir çox müsbət dəyişikliklər müşahidə olunur”

Aslan İsmayılov: “Bu gün vəkilliklə bağlı bir çox müsbət dəyişikliklər müşahidə olunur”

Tanınmış hüquqşünas Aslan İsmayılov müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Aslan müəllim, əvvəla sizi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına üzvlüyünüzün bərpa olunması münasibətilə təbrik edir və fəaliyyətinizdə uğurlar arzulayırıq. Maraqlıdır, siz üzvlüyünüzün yenidən bərpa olunacağına ümid edirdinizmi?

- Əlbəttə, inanırdım. 17 mart 2020-ci ildə Avropa İnsan Haqları Məhkəməsi Azərbaycan məhkəmələrinin haqqımda çıxarılmış bütün qərarlarını qanunsuz saydı. Bilirdim ki, bu qərar icra ediləcək. Mənim üçün gözlənilməz o oldu ki, məhkəmələr 2 il 2 ay işi uzatdılar. Bununla da növbəti dəfə hüquqlarımı pozdular. Vəkillər Kollegiyası isə qərar qəbul olunan kimi 1 həftə ərzində mənim üzvlüyümü bərpa etdi. Fəaliyyətimi izləyənlər bilir ki, vəkillikdən xaric olunmağım peşəmlə bağlı hər hansı nöqsana görə olmayıb. İndiyədək hüquqi yardım göstərdiyim heç kəs məndən şikayət etməyib. Vətəndaşlara hər zaman vicdanla xidmət etmişəm.

Mən vəkilliyə qəbul olunduğum ilk günlərdən hər zaman vəkilliyin nüfuzlu bir institut olması üçün çalışmışam. İstəmişəm ki, vəkillik müstəqil olsun. Çünki ədalətli cəmiyyətin olması nüfuzlu vəkillikdən asılıdır. Lakin təəssüf ki, əvvəlki rəhbərliklər bunu mənim vəkilliyə qarşı düşmənçiliyim kimi qəbul edirdi. Mən 1999-cu ildə Vəkillər Kollegiyasından xaric edildim, ölkə başçısının müdaxiləsindən sonra isə vəkillik fəaliyyətim bərpa olundu. İkinci dəfə isə 2013-cü ildə Kollegiyadan xaric olundum. Lakin mübarizə apardım və pozulmuş haqqımın bərpasına nail oldum.

- Uzun müddətdir ki, vəkillik fəaliyyəti ilə məşğul olmurdunuz, ötən müddət ərzində vəkillik institutu ilə bağlı hansı dəyişiklikləri görürsünüz?

- Bu gün Azərbaycanda vəkilliklə bağlı bir çox müsbət dəyişikliklər müşahidə olunur. İlk növbədə onu qeyd edim ki, vəkil kimi çalışdığım dövrdə vəkillərin iş şəraiti bərbad vəziyyətdə idi. Bir otaqda 20-25 vəkil otururdu. Binalar köhnə və təmirsiz idi. Rəyasət Heyətinin binasında vəziyyət elə idi ki, qış vaxtı iclaslarda soyuqdan donurduq. Amma bir neçə gün öncə Vəkillər Kollegiyasının hazırkı binasındada oldum, burada yaradılan şəraiti gördüm. Həqiqətən də çox ciddi fərq var. Bundan başqa, Hüquqi Yardım və Tədris Mərkəzində də oldum. Mərkəzin direktoru Şahmar Məmmədov vətəndaşlara göstərilən pulsuz hüquqi yardım barədə məlumat verdi. Vətəndaşlara pulsuz hüquqi yardımın göstərilməsi təqdirəlayiqdir. Azərbaycanda vəkillərin sayında ciddi artım müşahidə olunur. Mən Vəkillər Kollegiyasından xaric olunanda bizdə 350 vəkil var idi. İndi isə 2 mindən çox vəkil var. Bu, müsbət haldır. Eyni zamanda qeyd etməliyəm ki, gənclər arasında vəkilliyə böyük maraq var. Anar Bağırovla görüş zamanı Kollegiyada xeyli sayda gənc vəkil gördüm. Onlar burada müxtəlif vəzifələrdə çalışırlar. Gənc vəkillərin irəli çəkilməsini müsbət qiymətləndirirəm. Mən xaric olunmazdan əvvəlki dövrdə vəkillərin böyük əksəriyyəti keçmiş prokurorluq, polis işçiləri idi. Hüquq-mühafizə orqanlarından qovulmuş şəxslər gəlib vəkil olurdular. Vəkillik sanki bir cərimə batalyonu idi. İndi isə tamam fərqli mənzərənin şahidi oluruq.

- Yəni, ötən müddət ərzində Azərbaycanda vəkilliyin nüfuzunun artdığını müşahidə edirsiniz...

- Vəkilliyin nüfuzu xeyli artıb. Gənclər arasında vəkilliyə böyük maraq var. Əvvəllər vəkilliyə maraq yox idi, tələbələr digər hüquq peşələrinə üz tuturdular. Lakin indi vəziyyət dəyişib. Cəmiyyətdə də vəkillərə müsbət münasibət formalaşıb. Mənim Vəkillər Kollegiyanın üzvlüyüm bərpa olunması barədə xəbər çox böyük marağa səbəb oldu. İnsanlardan çox xoş fikirlər, xeyli sayda təbriklər eşitdim. Cəmiyyətin reaksiyası gözlədiyimdən daha yaxşı oldu. Bilirsiniz, bu şəxsimə olan münasibətdən əlavə, vəkilliyə olan münasibətin, dəyərin göstəricisidir. Cəmiyyət vəkilliyə dəyər verir. Lakin bütün bunlara baxmayaraq, vəkilliyin tam ideal vəziyyətdə olduğunu deyə bilmərəm. Bu gün müstəqil, nüfuzlu vəkilliyin qarşısında maneələr var. Ona görə də hələ görüləsi işlər çoxdur.

- Aslan müəllim, sizcə, vəkilliyin davamlı inkişafına nail olmaq üçün gələcəkdə hansı addımlar atılmalıdır?

- Hesab edirəm vəkilliyin nüfuzunun daha da artması üçün gənclərə yol açılmalıdır. Növbəti seçkilərdə Vəkillər Kollegiyasının İdarə Heyətində olan yaşlı üzvlər yerlərini gənclərə verməlidir. Bu gün vəkillərin əksəriyyəti gənclərdir. İdarəetməni də onlar həyata keçirməlidir. Bizim nəsil isə nə İdarə Heyətində, nə rəhbərlikdə olmalıdır. Gənclər üçün yol açmaq lazımdır. Çünki ölkəni gələcəyə və inkişafa ancaq gənclik aparacaq.

- Vəkillik fəaliyyətinizlə bağlı hansı planlarınız var?

- Bugünədək vəkillik fəaliyyətimdən gəlir güdməmişəm. Əsas marağım vəkilliyin nüfuzunun artmasıdır. Hüquq sahəsində böyük yol keçmiş biri kimi gənc nəsillə təcrübələrimi bölüşməyə hazıram.(e-huquq.az)

Demokrat.az

D
demokrat.az