Son günlər uşaqlar arasında yayılan xəstəliklərlə bağlı müraciətlərin sayı artıb. Gətirilən uşaqların böyük əksəriyyətində qızdırma, halsızlıq, öskürək, ishal və s. simptomlar müşahidə olunur.
Məsələ ilə bağlı Demokrat.az həkim-pediatr Xəyalə Quliyeva ilə əlaqə saxlayıb. Həkim-pediatr saytımıza açıqlamasında bildirib ki, son günlər uşaqlar arasında yayılan virus su çiçəyidir:
“Son zamanlar uşaqlar arasında yayılan xəstəliklər mövsümi xarakter daşıyır. Bəzi uşaqların bunu bir qədər ağır keçirməsi onların koronavirusa (COVID-19) yoluxması demək deyil. Uşaqlarda COVID-19-a yoluxma çox az hallarda baş verir. Uşaqlar arasında yayılan xəstəlik su çiçəyidir.

Bu xəstəlik özünü temperaturun yüksəlməsi və bədəndə səpgilərin çıxmasıyla müşahidə olunur. Səpkilər 24-48 saat ərzində bütün bədən nahiyəsini əhatə edir. Suluqlar 2-3 gün ərzində quruyur, tünd qəhvəyi rəngli yastı qabıqlar əmələ gətirir və bir, üç həftə ərzində qopurlar. Bu iki elementlər dərinin selikli qişalarında, başın tüklü hissəsində də müşahidə oluna bilər. Səpkilər artdıqca temperatur da artır və intaksikasiya əlamətləri daha çox güclənir”.
Həkim qeyd edib ki, bu səpkilər kavasakidəki səpkilərlə eynilik təşkil edir: “Demək olar ki, şikayətlər eyni olur. Ancaq kavasakidə səpkilər yalnız əlin içi, ayağın altı və ağız nahiyəsində olur. Qarın, sinə hissəsində demək olar ki, rast gəlinmir. Amma su çiçəyində kavasakidən fərqli olaraq səpkilər daha tez yayılmaq xarakterinə malikdir. Onu da qeyd edim ki, artıq müasir tibbdə su çiçəyinin səpkilərində zelyonkadan ( brilliant yaşılı) istifadə edilməsinə qadağan qoyulub. Bunun yerinə isə dermaluks spreylərdən istifadəsi tövsiyyə olunur. Çalışmaq lazımdır ki, səpki dövründə kaşalara və bulyonlara üstünlük verilsin”.
Nəzrin Hüseynli Demokrat.az


