“Müharibə şəraitində, yaxud da müxtəlif təbiət hadisələr zamanı ölkələrə müəyyən zərər dəyirsə, onun bərpa işləri ilə bağlı dünyada məşğul olan müvafiq qurumlar var. Həmin qurumlar dünya dövlətlərinə öz humanitar köməkliklərini göstərirlər. Ancaq 30 il işğal altında qalmış və işğalçılar tərəfindən tamamilə darmadağın edilmiş ərazilərimizin bərpasında heç bir beynəlxalq təşkilatın köməyini görmürük”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.
“Həmişə insan haqlarından, hüquqlarından danışan Avropa dövlətlərinin heç biri bizə mina məsələsində kömək etmir. Onlar indiyədək bu məsələ ilə bağlı bizə nə müraciət etməyiblər, nə də ki, o fikirdə olmayıblar. Ancaq bunlar kimə kömək edirlər? Bunlar işğalçıya, ərazilərimizi viran qoyanlara kömək edirlər. Çoxlu sayda minaları bizim ərazilərimizdə basdıranlara dəstəklərini göstərirlər. Təbii ki, bu da müxtəlif dövlətlərə, xalqlara, millətlərə olan çoxşaxəli xoşagəlməz münasibətlərin nəticəsidir. Bu, bir daha onu göstərir ki, dünyada haqq, ədalət, hüquq deyilən şeylər ancaq kitablarda yazılır. Həqiqətdə isə bunlar öz təsdiqini, əksini tapmayıb. Bunu biz öz üzərimizdə görürük. İşğala məruz qalan ərazi də, dövlət də, xalq da bizimdir. Minalanan, darmadağın olan ərazilər də bizimdir. Niyə bizə kömək əlini uzatmırlar? Əgər haqdan, ədalətdən, düzgünlükdən danışırlarsa. Demək ki, bunlar hamısı sözdədir. Buna görə də, bizim yeganə bir çıxış yolumuz var: “Güclü və birlikdə olmaq!”. Başqa çıxış yolumuz yoxdur”, deyə deputat qeyd edib.
Aynurə Demokrat.az


