Ədəbiyyat Özəl

Yunus Oğuz: “Yazıçılar Birliyinin deməyə sözü var, bəs digər ittifaqlar niyə susub?”

Yunus Oğuz: “Yazıçılar Birliyinin deməyə sözü var, bəs digər ittifaqlar niyə susub?”

Jurnalist, “Real” Təhlil və İnformasiya Mərkəzinin rəhbəri Mirşahin Ağayev efirə gedən analitik proqramında Azərbaycanın İkinci Qarabağ Müharibəsindəki qələbəsini tərənnüm edə bilmədiklərinə görə, yaradıcı adamları kəskin tənqid edib.

Məsələ ilə bağlı Demokrat.az Azərbaycan ədəbiyyatının sayılıb-seçilən tarixi roman ustalarından biri kimi imzası yetərincə tanınan və oxunan müəllif Yunus Oğuzla əlaqə yaradıb, fikrini öyrənib:

“Yəqin ki, Mirşahin müəllim mətbuatla tanış deyil. Fərid Hüseyn o siyahını verib, orda 73 ədəd tutarlı iş qeyd olunub. Qarabağ, Şuşa, 44 günlük Zəfər tarixi haqqında yazılan əsərlərin siyahısında mənim də adım var. “Cığır” romanı və Aprel döyüşlərindən bəhs edən “Ovçu” romanım. “Cığır” tarixi romanı Şuşanın inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə ithaf olunub. Bir müddət öncə “Bütün yollar Şuşaya aparır” kitabının təqdimatı oldu, orda mənim yazım da yer alıb. Publisist, sənədli yazılar, şeirlər yazılıb, nəsr əsəri hələ tam formalaşmayıb. Çünki nəsr bir az ağırdır, zaman alır.

Amma məsələnin digər tərəfi də var ki, bu məqamda Mirşahinlə razılaşmamaq olmur. Belə ki, bədii filmlər çəkilmir. Nə Aprel döyüşlərinə aid, nə də iki ilin tamam olmasına az qalsa da, 44 günlük Vətən müharibəsinə aid filmlər çəkilməyib. Bu baxımdan, Mirşahin müəllimlə razılaşıram. Amma nəsr ağırdır, onun yazılması zaman ala bilər. Bu baxımdan Mirşahin müəllimin qınağı ilə razı deyiləm. O ki qaldı sənədli, bədii filmlərin çəkilməməsi, o məni də narahat edir. Mirşahin müəllimin çıxışına ilk reaksiya bizdən – Yazıçılar Birliyindən gəldi, çünki bizim deməyə sözümüz var. Bizim əlimizdə yazılan əsərlərin siyahısı, gördüyümüz işlər var. Mən təəssüf edirəm ki, Bəstəkarlar İttifaqı niyə cavab verməyib? Rəssamlar İtttifaqı niyə cavab verməyib? Kinematoqrafiya niyə danışmır? Yazıçılar Birliyi ona görə danışır ki, ortada gördüyü işlər var.”

Gülçin Qorxmaz Demokrat.az

D
demokrat.az