Müsahibə Özəl

Politoloq: “Yaxın günlərdə Rusiya Ukrayna ilə razılığa gələ bilər” — MÜSAHİBƏ

Politoloq: “Yaxın günlərdə Rusiya Ukrayna ilə razılığa gələ bilər” — MÜSAHİBƏ

Bildiyimiz kimi, artıq 44 gündür ki, Rusiya ilə Ukrayna arasında gərgin müharibə gedir.

Bununla bağlı politoloq Zərdüşt Əlizadə Demokrat.az-a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Artıq bir aydan çoxdur ki, müharibə gedir. Sizcə, bundan sonra nələr yaşanacaq?

- Cəbhədəki yaranmış vəziyyəti, Rusiyadakı yaranmış gərginliyi, Rusiya ilə Qərb arasındakı münasibətləri nəzərə alsaq hadisələrin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirmək olar. Son günlər müharibə ilə bağlı bir neçə ehtimallar səsləndirilir. Bunlardan biri odur ki, yaxın günlərdə Rusiya Ukrayna ilə diplomatik danışıqlardakı vəziyyəti nəzərə alacaq və güman edilir ki, tərəflər atəşkəs barəsində hansısa razılığa gələcəklər. Ola bilsin ki, bu razılaşma bir neçə illik olacaq, yaxud da daha qısa müddətə. Yəni, ümumi vəziyyətin dondurulması barədə razılığa gələcəklər. Digər ehtimal kimi, hesab edirələr ki, Rusiya yaxın iki həftə ərzində Donestkdəki Ukrayna qoşununu mühasirəyə salmağa çalışacaq və sonra da qalib tərəf kimi Zelenskiyə öz şərtlərini himayə edəcək. Üçüncü ehtimal isə əsasən Qərbdən asılıdır. Qərb təcili şəkildə Ukrayna ordusuna şimal, şərqi Avropada olan ağır silahları verir. Bununla da, Ukrayna ordusu hücuma keçir və rus ordusunu məhv edərək, Ukrayna ərazilərindən vurub çıxardır. Təbii ki, hər ehtimalda Ukrayna ordusunun rolu böyükdür. Amma üçüncü ehtimalda Qərbin rolu daha böyükdür.

- Bu ehtimallardan hansının daha çox reallaşması mümkündür?

- Məncə, birinci ehtimalın şansları daha yüksəkdir. Rusiya çox güman ki, yaxın günlərdə hansıa bir razılığa gəlmək barədə qərar qəbul edəcək. Təbii ki, hazırlanan razılaşmada Ukrayna da ağır şərtlərlə razılaşacaq. Şərtlərin bəziləri Rusiyanın müharibədən əvvəl elan etdiyi məramlara uyğundur. Ukrayna NATO-ya qəbul olunmaq istəyindən vaz keçməsi, Ukrayna ordusunun müəyyən məhdudiyyətlər içərisində olması, Ukrayna ərazisində gələcəkdə Qərbin qüvvələrinin yerləşməməsi, rus dilinin regional dil statusunun tanınması və s. Təbii ki, Krım, Donetsk, Luqansk məsələsinin 15 illiyə təxirə salınması da öz əksini tapa bilər. Bu tələblər barədə artıq Ukrayna da razı olduğunu deyib.

- Bu tələblərin icrasını Putin xalqına necə təqdim edəcək?

- Bu tələblərin icrasını Putin öz cahil, başdan xarab xalqına şanlı hərbi qələbəsi kimi təqdim edə bilər. Həmçinin də, siyasi qələbəsi kimi. Cahil xalqı da bunu yeyə bilər. Belə olan halda müharibə bir neçə illiyə təxirə salına bilər.

- Rusiyanın müharibədən sonrakı durumu necə olacaq?

- Rusiya üzərində olan sanksiyalar götürülməyənədək Rusiya iqtisadiyyatı kifayət qədər zəifləyəcək. Ola bilsin ki, Putin növbəti dəfə namizədliyini verməsin. Təbii ki, bütün bunlar gələcəkdə reallaşa bilər. Amma, təbii ki, hamısı ehtimallardır. Nəzrin Hüseynli Demokrat.az

D
demokrat.az