“Nikah müqaviləsi, nikaha daxil olan hər iki şəxsin, hər iki tərəfin üzərinə məsuliyyət qoyur və onların öhdəliklərini müəyyən edir”. Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib. Deputat qeyd edib ki, nikah müqaviləsi valideynlərin gələcəkdə övladları qarşısında məsuliyyətini və baş verə biləcək istənilən halda tərəflərin daşıdıqları məsuliyyəti və vəzifələri də müəyyən edir:
“Təəssüf ki, Azərbaycanda nikah müqaviləsi könüllü olduğu üçün gənclərimiz ailə həyatı qurarkən nikah müqaviləsi bağlamırlar. Bu gün Azərbaycanda cəmi iki nikah müqaviləsi bağlanmışdır ki, bu müqavilələr də xaricdə təhsil alıb gələn tələbələr tərəfindən imzalanıb.

Dünya ölkələrinin təcrübəsinə baxsaq görərik ki, xarici ölkələrdə boşanma sayının az olmasının əsas səbəbi məhz nikah müqaviləsinin bağlanmasıdır”.
“Yaxşı olardı ki, Azərbaycanda da nikah müqaviləsi məcburi qaydada olsun. Nikah müqaviləsinin məcburi olması ölkəmizdə boşanma sayının azalmasına, nikaha daxil olan tərəflərin məsuliyyətinin artmasına və boşanmış ailələrin aliment, əmlak bölgüsü və s. kimi problemlərin aradan qalxmasına səbəb olacaqdır”- deyə millət vəkili qeyd edib.
Nəzrin Demokrat.az


