“Prezidentin Brüssel səfəri ölkəmizin hərbi, siyasi və diplomatik müstəvidə həyata keçirdiyi uğurlu siyasətin göstəricilərini bir daha bəyan etdi. Bu səfər Azərbaycan Prezidentinin böyük nüfuza malik olması, onun regional liderliyi, ölkəmizin qalib dövlət kimi tanınması və sülh müqaviləsi ilə bağlı danışıqların, səmərəli əməkdaşlıq kimi əsas məsələlərin, o cümlədən, münasibətlərin Azərbaycanın istədiyi formada qəbul olunması ilə xarakterizə oluna bilər”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov deyib. Millət vəkilinin sözlərinə görə, ölkəmizin həyata keçirdiyi düzgün siyasət nəticəsində Avropa İttifaqının rəsmi mövqeyi də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində irəliləyişərin məhz bizim istədiyimiz formada inkişafını özündə ehtiva edir:
“Münasibətlərin normallaşdırılması isə regionda sülhün təminatı baxımından əhəmiyyətlidir. Azərbaycan dövləti əldə etdiyi qələbə ilə şərtləri diqtə edən tərəfdir və qarşı tərəfdən heç bir siyasi və ya iqtisadi asılılığı yoxdur. Əksinə, Ermənistanın münasibətlərin normallaşdırılmasından asılığı kifayət qədər çoxdur. Burada Azərbaycan dövlətinin regionda sülhün təmin edilməsi və insanların dinindən, milliyətindən asılı olmayaraq əmin-amanlıq içində yaşaması istiqamətində humanist addımlar atması aydın şəkildə görünür”.
Aynurə Pənahqızı Demokrat.az


