“Hüquq-mühafizə orqanları gecə klublarına mütəmadi nəzarət etməlidir”.
Bu sözləri sabiq polis rəisi Mahmud Hacıyev Demokrat.az-a açıqlamasında deyib. Ekspert vurğulayıb ki, ümumiyyətlə, binaların altında bu cür klubların olması xoşagələn hal deyil:
“Düzdür, binanın altında olan klublar rəsmi icazə ilə açılır, onu elə-belə açmırlar. İcazəni verənlər həmin əraziyə baxış keçirir və münasib olduqdan sonra açılmasına icazə verilir. Bilirik ki, bir çox hallarda belə gecə klubları insanların istirahətini pozur. Buna görə də, belə klubların binaların zirzəmisində olması düzgün deyil. Əgər haradasa belə yerlər insanların istirahət hüququna, yaşayışına təsir edirsə, belə məkanlar ləğv edilməlidir. İlk növbədə həmin binada yaşayan insanlardan soruşmaq lazımdır ki, bu, onların istirahətinizə təsir edir, ya yox. Əgər insanlar desələr ki, istirahət edə, dincələ bilmirik, onda sualı buna icazə verən quruma ünvanlamaq lazımdır. Təbii ki, icazə verən Bakı şəhər meriyasıdır. Hesab edirəm ki, belə yerlərə rəsmi icazə verilməməlidir. Çünki belə yerlər səs-küylü olur və insanlarda əsəb gərginliyi yaradır. Yaxud da ki, beə yerlərdə mühafizə, təhlükəsizlik xidməti yüksək səviyyədə icra oluna bilməz. Düzdür, bütün məkanlar mühafizə ilə bağlı özəl şirkətlərə müraciət edir, təhlükəsizliyi təmin edirlər. Ancaq bu cür məkanları ciddi şəkildə mühafizə etmək mümkün deyil”. Nəzrin Hüseynli Demokrat.az


