“Ukrainskaya Pravda” Çeçenistan lideri Ramzan Kadırovın Dubayda dəbdəbəli villasını tapıb.
Demokrat.az xəbər verir ki, jurnalist araşdırmasına görə, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlayandan Kadırovun ailəsi və yaxın ətrafı Dubaya yerləşib. Çeçenistan lideri təkcə 2021-2022-ci illərdə Birləşmiş Ərəb Əmirliklərinə 14 dəfə səfər edib. Kadırovun şəxsi təyyarəsinin BƏƏ-də eniş etdiyini onlayn radarlar ortaya çıxarıb.
Ramzan Kadırov təxminən 80 milyon dollar dəyərindəki dəbdəbəli “Airbus A319”a 2013-cü ildə sahib olsa da, bu xəbər mətbuata 2017-ci ildə çıxmışdı. Özü də rusiyalı müğənni Timati tərəfindən təyyarənin yataq otaqlarından birindən çəkilmiş foto sayəsində. İnteryer dizaynını dünyanın ən bahalı şirkətlərindən olan “British Winch Design”in hazırladığı təyyarə Çeçenistanda deyil, Bermud adalarında yerləşən ofşor şirkətlərdə qeydiyyatdan keçib.
“Kadırov dəbdəbəli həyat tərzi üçün pulu haradan alır? Hələ 2011-ci ildə jurnalistlər Çeçenistan rəhbərinə onun gəlir mənbələri ilə bağlı sual verəndə cavab belə olmuşdu: “Allah verir. Bilmirəm. Pul hardansa gəlir”.
O vaxtdan bəri Kadırovun həyat tərzi ancaq yaxşılaşıb və belə suallar təkrarlanmayıb”, – müəllif yazır. Yazıda o da qeyd olunur ki, Kadırovun Dubaydakı villası “Palm Jumeirah”dakı beşulduzlu “Zabeel Saray Royal Residences” otelinin ərazisində yerləşir. 21 nömrəli villa rahat və tənha yerdədir.
“Ukrainskaya Pravda”nın mənbələri otelin ərazisinə baş çəkib və Kadırovun villasının fotolarını çəkə biliblər: “Böyük villanın yaxınlıqda yerləşən kiçik villada Kadırovun 3-4 çeçen mühafizəçisi yaşayır. Kadırovun villasına isə onun rəsmi müşaviri və Çeçenistan rəhbərinin ərəb və müsəlman ölkələrindəki nümayəndəsi Turko Daudov baxır. Daudovun “İnstaqram” səhifəsində çoxlu fotolar var. Daudovun Kadırovun oğlu ilə 2021-ci ildə Dubaydakı villanın kənarında çəkdirdiyi foto onlardan biridir”.










