Gündəm Özəl

Gənc oğlan bacısını təhqir edən atasını döydü — Təfərrüat

Gənc oğlan bacısını təhqir edən atasını döydü — Təfərrüat

Bərdə rayonunda 1992-ci il təvəllüdlü Faiq şəxsi münasibətlər zəminində atası Bahadura (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 20-də baş verib.

Faiq atası ilə yaranmış münaqişə zamanı sifət və baş nahiyəsinə vuraraq ona xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən Faiqin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Faiq ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur: “Zərərçəkmiş Bahadur mənim atamdır. Hazırda valideynlərim ilə birgə yaşayıram. Atam mütamadi olaraq evdə heç bir əsaslı səbəb olmadan mübahisələr yaradıb və bizi evdən çıxartmaq niyyətindədir”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, yanvarın 20-də, saat 21 radələrində o öz yaşadığı evə gəldikdə bacısı Məleykənin evdə bikef oturduğunu görüb: “Bu zaman Məleykədən nə baş verdiyini soruşdum. Həmin vaxt Məleykə atamın yemək üstündə onunla mübahisə etdiyini və onu nalayiq sözlərlə söyüb, təhqir etdiyini bildirdi. Buna görə də atamın olduğu otağa keçdim. Həmin vaxt atam stolda oturmuşdu. Atamdan hansı səbəbdən bacım ilə mübahisə etdiyini və onu təhqir etdiyini soruşdum. Bu zaman atam mənimlə mübahisə etməyə başladı. Mübahisə zamanı məni nalayiq sözlərlə söydü. Buna görə də hirslənərək atamın sifət və baş nahiyəsinə bir neçə dəfə əlimin iç nahiyəsi ilə vuraraq döydüm. Həmin vaxt atam yerə yıxıldı. Həmin vaxt Məleykə səs-küy salmağa başladı. Bu səbəbdən atamdan aralandım, evdən getdim”.

Bərdə rayon Məhkəməsinin hökmü ilə Faiqin barəsində ittihamedici hökm çıxarılmayıb.

Buna səbəb təqsirləndirilən şəxsin zərərçəkmişlə barışması olub.

Məhkəmə Faiqin barəsində olan cinayət təqibinə xitam verib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az