Gündəm

Deputat: “Rusiya Müdafiə Nazirliyinin bəyanatı müttəfiqlik bəyannaməsinə tamamilə ziddir”

Deputat: “Rusiya Müdafiə Nazirliyinin bəyanatı müttəfiqlik bəyannaməsinə tamamilə ziddir”

“Məlum olduğu kimi, martin 26-da Rusiya Müdafiə Nazirliyi rəsmi açıqlama yayıb, sənəddə açıq şəkildə “Dağlıq Qarabağ ərazisi” və “Dağlıq Qarabağ silahlı birləşmələri” sözləri işlədilib. Bu hər mənada Moskva ilə Bakının münasibətlərinə xələl gətirən bir addım oldu”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.

M.Cəfərov qeyd edib ki, bu, eyni zamanda Rusiya ilə Azərbaycan arasında yeni imzalanan müttəfiqlik bəyannaməsinə tamamilə ziddir: “Açıqlamada üçtərəfli bəyanatın pozulduğu bildirilir. Halbuki bu bəyanat 1 ildən çoxdur ki, yerinə yetirilmir, sanki elə kağız üzərində qalmaq üçün imzalanıb. 2020-ci il 10 noyabr tarixindən bu günə kimi hələ də Azərbaycanın əzəli torpaqları olan və 44 günlük Vətən müharizəsində azad edilən Qarabağda erməni seperatçıları var. Bu birbaşa 10 noyabr bəyanatını pozmaq deməkdir. Digər tərəfdən sülhməramlıların fəaliyyəti də qənaətbəxş deyil və sülhü təmin etmək bir yana, nəzarət etdikləri ərazilərdə sabitliyi qoruya bilmədilər. Təəssüf ki, bu kimi qıcıq yaradan durumda Azərbaycan israrla daha sərt addımlar atmağa təhrik edilir. Görünən odur ki, bu gün Qarabağda vəziyyətin gərginləşməsi kimlərəsə sərf edir. Bəlkə də dünyanın diqqətini Ukraynadan az da olsa yayındırmağa nail olmaq üçün Qafqazda müəyyən gərginliklər yaradılır. Halbuki bu gərginliklər fonunda bir daha sülhməramlı qüvvələrin fəaliyyətinin özünü doğrultmaması təsdiqini tapır. Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşması üçün atdığı addımlar da artıq şübhə yaradır. Azərbaycan dövləti hər zaman müttəffiqləri ilə münasibətlərinə sadiq qalıb. İmzaladığı sənədlərə etibarı yüksək səviyyədə təmin olunub. Bizim imzamız bütün ölkələr üçün etibar, güvən verir. Bu da qarışan və gərginləşən dünya prosesləri fonunda bir daha öz təsdiqini tapdı. Dövlətimiz üçün iqtisadi və siyasi sabitlik, inkişaf olduqca vacibdir. Hazırda Avropa üçün olduqca zəruri tərəfdaşa çevrilən ölkəmiz regionun təhlükəsizliyinin yeganə qarantıdır. Bunu Ermənistan hakimiyyəti də yaxşı anlayır. Sadəcə, hələ də məğlubiyyəti qəbul etmək istəmirlər və dirənirlər. Elə Azərbaycan Ermənistanın da sabitliyi və inkişafı üçün ən böyük şans olacaq. Prosesləri ləngitmək Ermənistana əlavə vaxt qazandırmaycaq. Ermənistan üçün yaranan tarixi şansı əldən verməyib, rifahi və inkişafı seçmək ən ağıllı və uğurlu yoldur…”

Demokrat.az

D
demokrat.az