Ermənistanın qaz şousuna dərhal qahmar çıxanlar 30 il Qarabağdakı ekoloji terrora, misli görünməmiş vəhşiliyə susanlardır.
Demokrat.az xəbər verir ki, bu sözləri Əməkdar jurnalist Elman Babayev deyib. O qeyd edib ki, Azərbaycanın Qarabağ bölgəsinin qaz təminatı ilə bağlı yaşanan problemi Ermənistan tərəfi humanitar şouya çevirməyə, siyasiləşdirməyə başlayıb:

"Üstəlik, bu məsələyə yanşmada rəsmi Ermənistan bir qədər də irəli gedərək, açıq-aşkar ölkəmizin daxili işlərinə qarışmağa cəhd nümayiş etdirir.Birincisi, son günlər havaların sərt keçməsi, güclü qar yağması səbəbindən Azərbaycanın bəzi dağlıq ərazilərində qaz təchizatında müəyyən texniki problemlər yaşanır. Bu baxımdan Xankəndində qaz təchizatında texniki problemlərin yaranmasına təbii baxmaq lazımdır. Bunun davamı olaraq vurğulamaq yerinə düşər ki, dəniz səviyyəsindən yüksək bölgələrimizdə qaz təchizatı problemi tam aradan qalxmayıb. Düzdür, bu gün Azərbaycanda qazlaşdırma 97-98 faiz civarındadır. Amma bu, heç də problemin tam həll olunduğu demək deyil. Dəniz səviyyəsindən 800-2500 metr aralığı yüksəkliyində yerləşən yaşayış məntəqələrimiz (məsələn, Gədəbəy və Lerik kimi rayonlar) var ki, həmin ərazilərə qaz xətlərinin çəkilməsi asan məsələ deyil. Qaz xətti olan belə ərazilərdə xüsusilə qış aylarında texnogen qəzaların baş verməsi səbəbinədən mavi yanacağn verilməsində fasilələr yaranır. Xankəndinin də dəniz səviyyəsindən 853 metr yüksəklikdə yerləşməsini nəzərə alsaq, bu ərazimizdə də qaz təchizatı məsələsində problemlərin yaranması anlaşılandır və burada hansısa başqa məqamlar axtarmaq, humanitar şou düzəltmək yersizdir. Ən əsası onu da yada salmaq vacibdir ki, Xankəndində qazın verilməsində texniki səbəbdən fasilələrin olması ilk dəfədir ki, baş vermir. Ermənilərin yaxşı yadında olar ki, 44 günlük Vətən müharibəsindən öncə, ərazilərimiz işğal altında olanda da Xankəndinin qaz təchizatında ciddi problemlər yaşanıb".
"İkincisi, Xankəndinə gedən qaz xəttinin keçdiyi ərazidə müvəqqəti olaraq Rusiya sülhməramlıları yerləşib. Bu ərazilər haqqında danışarkən Ermənistan sərsəm, hüquqa zidd açıqlamaları bir kənara qoymalıdır. Bu ərazilər Azərbaycan torpaqlarıdır və həmin ərazilərin Ermənistana heç bir aidiyyəti yoxdur. Ermənistanın Azərbaycan əraziləri ilə bağlı sərsəm açıqlamaları, iddiaları reallığı dəyişmək gücündə deyil. Ermənistan əsassız, hüquqa zidd iddialarından əl çəkməlidir. Və üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəliklərin icrasına diqqəti yönəltməlidir.Üçüncüsü, bu gün Ermənistanın Azərbaycan ərazisi olan Xankəndində qaz təchizatı ilə bağlı başlatdığı humanitar şouya qahmar çıxan qurumlar ikiüzlü siyasətə son qoymalıdırlar. Necə olur ki, işğal dövründə, düz 30 il ermənilərin Qarabağda törətdikləri ekoloji terrora susanlar, indi Xankəndində texniki səbəbdən yaranmış qaz məsələsinə dərhal reaksiya verirlər? Ermənilər işğaldan azad olunmuş ərazilərimizdə nəinki qaz xətlərini, daşları, ağacları, ələ keçən nə varsa, vəhşicəsinə söküb aparıblar; dini, tarixi abidələri, məzarları məhv ediblər. Ağdamda, Füzulidə, Cəbrayılda və başqa ərazilərdə olan evləri ermənilərin nə kökə saldığı göz önündə deyilmi? Hanı o evlərə vaxtilə çəkilən qaz xəttləri? Bu ərazilərdə ermənilər yaşayış imkanlarını məqsədli şəkildə sıfıra endiriblər, misli görünməmiş vəhşilik törədiblər. İşğal dövründə Qarabağda meşələrin qəsdən yandırılması, ağacların kütləvi şəkildə qırılması kimi ekoloji cinayətlərin altında da məhz ermənilərin imzası var. Ermənilərin imza atdığı ekoloji terrora bariz nümunələrdən biri də suların məqsədli şəkildə çirkləndirilməsidir. Və nə yazıq ki, ermənilərin bu qəbildən olan ekeoloji terroru bu gün də davam edir. Zəngilan rayonu ərazisindən keçən Oxçuçayın Ermənistan tərəfindən məqsədli şəkildə çirkləndirilməsinin əyani şahidiyik".
"Başqa bir misal: ermənilərin işğal dövründə Sərsəngdən gələn suyu yayda bağlayıb, qışda açmaları yaddaşlardan silinməyib. Xatırlatmaq yerinə düşər ki, 2016-cı ildə Avropa Şurası Parlament Assambleyası “Azərbaycanın cəbhəboyu rayonlarının sakinləri qəsdən sudan məhrum edilir” adlı qətnamə də qəbul etmişdi. Həmin vaxt Ermənistan bu qətnaməni heçə saydı. Eyni zamanda, Sərsəng su anbarını humanitar və ekoloji terrorizm aləti kimi istifadə etmək kimi insanlığa sığmayan siyasətinə sadiq qaldı. Keçmiş cəbhəyanı bölgədə yaşayan insanları su ilə sınağa çəkməkdə davam etdi. Beləliklə, hər cür terrora imza atan ermənilər bu gün Qarabağda sırf qəza səbəbindən qazın verilməsinin dayandırılmasını humanitar şouya çevirərək siyasiləşdirməkdən əl çəkməlidirlər. Həmçinin, şou dövrünün arxada qaldığını anlamalı, əsassız, hüquqa zidd iddialardan imtina etməlidirlər. Ermənistan əsas diqqətini üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəliklərin icrasına yönəltməli, regional sülh və əmin-amanlığa töhfə vermək istiqamətində çalışmalıdır", - deyə E.Babayev əlavə edib.
Demokrat.az


