“Avropa Parlamentinin martın 10-da qəbul etdiyi qətnamə Azərbaycan Respublikasının suveren hüquqlarını pozur. Həmin qətnamə BMT-nin üzvü olan Azərbaycanın sərhədlərinin toxunulmazlığına və ərazi bütövlüyünə ciddi ziyan vuran, eyni zamanda insan hüquqları sahəsində təhrif olunmuş məlumatlara əsaslanır.
Qətnamədə Azərbaycanın Qarabağ ərazisində yerləşən erməni abidələrinin dağıdılması kimi həqiqətə uyğun olmayan məlumatlar yer alıb. Avropa bir daha islamofobiya və türkəfobiya nümayiş etdirir, üstəlik 30 il işğalda qalmış Qarabağda minlərlə mədəniyyət abidələrinin, dini abidələrin, eləcə də qəbirstanlıqların məhz ermənilər tərəfindən məhv edildiyini nəzərə almır. Təsadüfi deyil ki, ermənilər həmin ərazilərdə yerləşən 67 məsciddən 65-ni tamamilə dağıdıb, Gövhərağa Məscidi İran dövləti tərəfindən təmir edilib, Ağdam Cümə Məscidindən isə hərbi məqsədlər üçün istifadə olunub. Məscidlərimizdə donuz otarılıb, 900-dən çox qəbirstanlıq ləğv edilib, qəbirlər sökülərək cəsədlərdən qızıl dişlər oğurlanıb”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.
Komitə sədrinin müavini qeyd edib ki, Avropa Parlamenti qətnamə ilə nəinki İslam abidələrinə hörmətsizlik edib, həm də həmin ərazidə varis olan alban-udin kilsəsinin də haqlarını pozub: “Ermənistan orada yerləşən alban abidələrini qriqoryanlaşdırıb, pravoslav abidələrini məhv edib. Odur ki, həmin qətnamə çox ciddi narahatlıq doğurur. Açıq-aşkardır ki, Avropa Parlamenti həmin qətnaməni erməni lobbisinin təsiri altında qəbul edib. Bu, insan hüquqlarından və demokratiyadan danışan Avropanın siyasi xadimlərinin və Avropa Parlamentinin üzvlərinin müsəlman dövləti olan Azərbaycana qarşı nifrətlərindən və onların həqiqətləri gizlətmək niyyətlərindən xəbər verir. Onlar ermənilərin xeyrinə təhrif olunmuş qətnaməni bilərəkdən qəbul ediblər. Birmənalı şəkildə vurğulamaq lazımdır ki, BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin icra olunmadığı halda, Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində öz suverenliyini təmin edib, torpaqlarını azad edib. Məhz ondan sonra ermənilərin törətdikləri vəhşiliklər daha yaxşı üzə çıxıb. Həmin bölgəyə səfər edən bütün xarici jurnalistlər və siyasətçilər bunun şahidi olublar. Avropa Parlamenti, həmçinin nəzərə almayıb ki, Prezident İlham Əliyevin ciddi danışıqları sayəsində işğaldan azad edilmiş ərazilərə UNESCO-nun xüsusi missiyası gələcək. Eyni zamanda, Avropa Parlamenti Azərbaycanla Avropa İttifaqı arasında olan xoş münasibətləri də nəzərdən qaçırıb. Təəssüf ki, özünü sivil hesab edən Avropa hədsiz tolerantlığı ilə seçilən Azərbaycan cəmiyyətinə qarşı belə qarayaxma kampaniyası aparır. Biz dövlətimizə və xalqımıza qarşı qərəzli mövqe tutanların planlarının qarşısını almalıyıq”.
Demokrat.az


